Koronavirus pandemiyasının başlandığı 2020-ci ilin martından indiyədək dünyanın ən varlı 10 şəxsinin sərvəti 2 qat artıb. Əvəzində dünya əhalisinin 99%-i kasıblayıb.
FED.az xəbər verir ki, bu barədə Oxfam beynəlxalq təşkilatının məruzəsində deyilir. «Qeyri-bərabərlik öldürür» adlanan hesabatda deyilir ki, pandemiya başlayandan bəri dünyanın ən varlı 10 adamının sərvəti 700 milyard dollardan 1,5 trilyon dollara yüksəlib. Pandemiya dövründə bu adamların sərvəti hər gün 1,3 milyard dollar artıb.
Ən maraqlısı odur ki, bu biznesmenlər öz varidatlarının 99,99%-ni bir anda itirsələr, yenə də dünyadakı insanların 99,99%-dən varlı olacaqlar. Hesabatda deyilir ki, bu şəxslərin sərvətlərinin artımına vergi tətbiq edilsə, həmin pulla planetin bütün əhalisinin koronavirusdan vansinləmək, eləcə də 80 ölkədə mühüm sosial və iqlim proqramlarını maliyyələşdirmək mümkün olar.
Hesabat kasıblar barədə ürəkaçan olmayan məlumatları da açıqlayıb. Sənədə əsasən, bərabərsizlik səbəbindən dünyada hər gün 21 min nəfər ölür. Bu insanların səhiyyə xidmətlərinə çıxışı yoxdur, onlar gender ayrı-seçkiliyindən və aclıqdan əziyyət çəkirlər. Oxfamın proqnozlarına görə, 2030-cu ildə dünyada 3,3 milyard nəfərin gündəlik gəliri 5,5 dollardan aşağı olacaq.