Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1450-VQD nömrəli Qanununun tətbiqi barədə” sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Şirkətlərdə xüsusi əhəmiyyətli əqdi bağlamağın – ŞƏRTLƏRİ
FED.az-ın məlumatına görə, Mülki Prosessual Məcəlləyə edilən dəyişiklik sübutların təqdim edilməsi və tələb olunması ilə bağlıdır.
Dəyişikliyə əsasən bundan sonra hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Mülki Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər.
Mülki Məcəllənin 49.4-cü maddəsinə əsasən, hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır:
- hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi;
- hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi;
- hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması;
- hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması;
- özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi;
- səhmdarlara (payçılara) münasibətdə ədalətsiz əqdlərin bağlanması.
Səhmdarın bu hüququ olacaq – MƏCƏLLƏDƏ MÜHÜM DƏYİŞİKLİK
22:14
28 Dek 2018