İyunun 26-da Silahlı Qüvvələr Günü ilə əlaqədar Prezident İlham Əliyevin hədiyyəsi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 60 şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə yeni mənzillər təqdim edilib. Həmin mənzillər Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş yaşayış binalarından alınaraq verilib.
ELƏCƏ DƏ BAX: Hövsandakı sosial evlərin nə vaxt satılacağı - MƏLUM OLDU
FED.az xəbər verir ki, mənzillərin sənədlərinin təqdim olunması mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Nazir müavini Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Azərbaycanın güclü orduya malik bir ölkə olmasının hər birimizdə sonsuz qürur hissi doğurduğunu vurğulayıb.
Anar Kərimov bildirib ki, dövlətimizin başçısının siyasətinin ana xəttini ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi təşkil edir. Bu il ərzində təqdim edilən iki sosial paket ölkədə minimum əməkhaqqının iki dəfəyə yaxın artaraq 130 manatdan 250 manata, minimum pensiyanın isə 72,4 faiz artaraq 116 manatdan 200 manata çatdırılmasına, sosial müavinətlərin və təqaüdlərin orta hesabla 100 faiz artırılmasına imkan verib. Dövlət sektorunda işləyənlərin də əmək haqları, məcburi köçkünlərin, tələbələrin təqaüdləri də əhəmiyyətli şəkildə artırılıb. Həmçinin dövlət 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığına son qoyaraq həmin problemin həlli ilə əlaqədar maliyyə yükünü öz üzərinə götürüb. Ümumilikdə, təkcə bu il təqdim edilən iki sosial paket 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub.
Nazir müavini qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda mübarizədə əlil olan şəxslərə dövlətimizin başçısının xüsusi qayğısı nəticəsində ötən il nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil həmin kateqoriyalardan olan insanlara təqdim edilib. Bu il isə azı 800 mənzilin verilməsi nəzərdə tutulub və onlardan artıq 60 mənzil indi öz sahiblərinə təqdim edilir. Ümumilikdə indiyədək nazirlik tərəfindən həmin kateqoriyalardan olan insanlara 6714 mənzil verilib. Həmçinin ötən il 265 müharibə əlili minik avtomobili ilə təmin edildiyi halda, bu il həmin vətəndaşlara nəzərdə tutulduğundan 3,2 dəfə çox, yəni, 600-ə yaxın avtomobilin verilməsi planlaşdırılıb. Artıq bu ilin ötən dövründə 150 avtomobil həmin təbəqədən olan insanlara təqdim edilib. Beləliklə, indiyədək 6300-dək müharibə əlili yeni avtomobilə sahib olub.
A.Kərimov yeni mənzillə təmin olunan vətəndaşları təbrik edərək onlara ən xoş arzularını çatdırıb.
Nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxış edərək həssas qrupların sosial təminatlarının gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların, aparılan islahatların ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıblar.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri bütün sahələrdə diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb, sosial təminatlarının gücləndirilməsindən, müavinət və təqaüdlərinin, pensiyalarının mütəmadi olaraq artırılmasından razılıqlarını ifadə ediblər. Onlar göstərilən yüksək qayğıya, bu gün isə yeni və rahat mənzillərlə təmin olunduqlarına görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
İctimai təşkilatların rəhbərləri sosial sahədə atılan inqilabi addımların əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm uğurlara nail olmağa imkan verdiyini qeyd ediblər. Vurğulanıb ki, atılan bu addımlar, eyni zamanda, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin yeni mənzillərlə təmin edilməsi işlərinin ildən-ilə güclənməsi dövlətimizin başçısının siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq edir.
Sonra yeni mənzillərə baxış olub. Mənzillərin 12-si üçotaqlı, 31-i ikiotaqlı, 11- birotaqlıdır. Onların hər birində müasir tələblərə cavab verən yaşayış şəraiti yaradılıb.