Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibə iştirakçıları ilə bağlı işçi qrup fəaliyyətə başlayıb.
Nazirlikdən FED.az-a verilən məlumata görə, videomüşavirədə Fondun sədri Himalay Məmişov bildirib ki, işçi qrupda təmsil olunan əməkdaşlar xidməti ərazilərindəki şəhid ailələri və müharibə iştirakçıları ilə görüşürlər. İlk növbədə sosial vəziyyətləri öyrənilir, ehtiyac duyduqları sosial dəstək istiqamətləri müəyyən edilir, yaranan sosial təminat hüquqları izah olunur.
İşçi qrupun yaradılmasında əsas məqsəd şəhid ailələri və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsidir. Xüsusilə də şəhid ailələrinə sosial təminat növləri üzrə ödənişlərin təyin olunması üçün onların müvafiq sənədləri təqdim etmələrini gözləmədən, bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanır və təyinatlar həyata keçirilir.
Son günlər ərzində şəhid ailələrinin üzvlərindən artıq 500-dək şəxsə pensiya, müavinət və təqaüd təyinatı aparılıb. Proses davam edir.