5 il ərzində onların mənzil və ya fərdi evlə təminatı işləri aparılacaq.
Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür.
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əliliyi müəyyən edilən şəxslərin də yaxın dövrdə mənzil və ya fərdi evlə təminatını nəzərdə tutur.
Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aşağıda qeyd edilən şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi tapşırılır:
- 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi və hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin;
- Yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
Sərəncamda yerli icra hakimiyyəti orqanlarına qeyd edilən şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmələri, Nazirliyin müraciəti əsasında həmin şəxslərin mənzil və fərdi evlə təminatı məqsədləri üçün torpaq sahələrinin ayrılmasını təmin etmələri, hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermələri tapşırılıb.
Məlumat üçün bildirək ki, indiyədək Nazirlik tərəfindən 9100-dən çox mənzil və fərdi ev şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.