44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda şəhid ailələri üzvləri, qazilər, erməni terrorundan zərər çəkən ümumilikdə 33 min şəxs müxtəlif istiqamətlərdə sosial dəstəklə təmin edilib, onlara 40 mindən çox xidmət göstərilib.
Nazirlikdən FED.az-a bildirilib ki, ötən bir ildə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 7900 nəfərə 15700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib. Vətən müharibəsi qazilərindən isə artıq 2165 nəfər ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlərin təyinatı aparılıb.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü növbəti dəfə olmaqla 2021-ci ilin əvvəlindən əhəmiyyətli şəkildə artırılıb:
şəhid ailəsi üçün 300 manatdan 500 manata,
müharibə əlilləri üçün
I dərəcə üzrə 250 manatdan 400 manata,
II dərəcə üzrə 230 manatdan 350 manata,
III dərəcə üzrə 210 manatdan 300 manata,
Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800 manata çatdırılıb.
Eyni zamanda, yeni təqaüd növü təsis edilməklə, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis edilib.
Şəhid ailələrinin və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2014-2019-cu illərdə uçota alınmış şəxslərin və 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələrinin, müharibə əlillərinin 5 il ərzində mərhələli şəkildə 11 min mənzil və ya fərdi evlərlə təmin olunması nəzərdə tutulub.
Bu il üzrə də 2018-ci ilə nisbətən 5 dəfə çox olmaqla 3 minədək mənzil və fərdi evin verilməsi işləri aparılır və onlardan artıq 1850 mənzil bu kateqoriyadan olanlara (o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələrinə və müharibə əlillərinə) verilib. Ümumən ötən dövrdə 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin də mənzillə təminatına başlanılıb.
2021-ci ilin ötən dövründə daha 150 müharibə əlili, ümumilikdə ötən dövrdə 7350 müharibə əlili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomobillə təmin olunub.