Ötən il 91 nəfərə əmək veteranı adı və vəsiqəsi təqdim olunub.
FED.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin (SXA) 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.
2023-cü ildə 2714 şəhid ailəsi üzvünün vəsiqəsi hazırlanıb və Agentliyin ərazi filialları və Bakı DOST mərkəzləri tərəfindən şəhid ailəsi üzvlərinə təqdim olunub. Şəhid ailəsi üzvlərinin şəhid ailəsi üzvünün vəsiqəsi ilə təmin olunması davam edir. Ötən il ərzində Agentlik tərəfindən 91 nəfərə əmək veteranı adı və vəsiqəsi də təqdim edilib.
Sədr bildirib ki, Agentlikdə yaradılan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərlə iş şöbəsi bu kateqoriyadan olan vətəndaşlarımıza daha operativ xidmət göstərilməsini təmin edir. Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə qayğı ilə yanaşılması, onların mənzil-məişət, reabilitasiya (avtomobil) vasitələri, şəhid ailə üzvü vəsiqəsi ilə təmini, sanatoriya-kurort yollayışları, psixo-sosial dəstək problemlərinin həllinə köməklik göstərilməsi, peşə-əmək məşğulluqlarının artması, sosial sahədə fəaliyyətlərinin genişləndirilməsinə şərait yaradılması, sosial-hüquqi yardımlar göstərilməsi, göstərilən sosial xidmət səviyyəsinin yüksəldilməsi və xidmətlərin əlçatanlığının, rahatlığının təmin edilməsi məqsədilə şöbə tərəfindən tədbirlər həyata keçirilir.