Sabahdan Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları işə başlayacaq.
FED.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova məlumat verib.
Onun sözlərinə görə, dekabrın 30-na qədər davam edəcək yarmarkada azərbaycanlı fermerlər pulsuz iştirak edə biləcəklər.
“Bayram yarmarkalarına çıxarılacaq məhsulları Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlayaraq satışa buraxacaq. Nazirlik qiymətlərin formalaşmasında iştirak etməyəcək, yəni qiymətlər tələb-təklif əsasında müəyyən ediləcək. Növbəti illərdə də bu tipli yarmarkaların təşkilini planlaşdırırıq”, - deyə o, qeyd edib.
Eləcə də bax: Bayramqabağı bazar qiymətləri - VİDEO
L.Məmmədovova rəhbərlik etdiyi şirkətin reallaşdırdığı “Kənddən şəhərə” layihəsi barədə də danışıb və Bakıda ilk mağazanın gələn həftə açılacağını deyib.
Bundan başqa, onun sözlərinə görə, hazırda “Dövlət Aqrar Ticarət Şirkəti” yerli fermerlərin məhsulunun ölkədən xaricdə satışını təşkil etməklə də məşğuldur: “Rusiya və Ukraynaya məhsul ixrac edirik. Digər ölkələrlə də danışıqlar aparırır, təkliflər almışıq”.