“ASAN Xidmət” brendi və “Strateji Yol Xəritəsi”nə uyğun olaraq “Azərişıq” ASC tərəfindən həyata keçirilən yenidənqurma işləri davam edir.
FED.az “Azərişığ”ın yaydığı məlumata istinadən xəbər verir ki, ASC-nin “ASAN Xidmət” vasitəsilə həyata keçirdiyi xidmətlərin əhatəsi bir qədər də genişləndirilib. Səhmdar Cəmiyyətin “ASAN Xidmət” vasitəsilə həyata keçirdiyi 10 xidmət arasında əsas yeri tutan və “Doing Business”in tələblərinə uyğun olaraq xüsusi çəkisi olan “istehlakçıların elektrik təchizatı şəbəkəsinə qoşulması” və ya texniki şərtlərin verilməsi adlandırılan xidmət artıq bütün ölkə üzrə təmin edilməkdədir.
Əgər indiyədək əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması Bakı, Sumqayıt, Quba “ASAN” xidmət və “ASAN Kommunal" mərkəzləri vasitəsi ilə həyata keçirilirdisə, indi Gənçə, Sabirabad, Bərdə, Qəbələ və Masallı rayonlarında fəaliyyət göstərən bütün “ASAN Xidmət” və “ASAN Kommunal" mərkəzləri vasitəsilə bölgələrdəki insanlar evinə, bağına, yaxud həyətinə işıq çəkdirə biləcəklər.
Eyni zamanda, “Doing Business”in qiymətləndirmə tələblərində başlıca yer tutan, sahibkarların daha asan və sadə yolla elektrik şəbəkəsinə qoşulması istiqamətində də ciddi addımlar atılır. Artıq paytaxtdakı “ASAN Kommunal” mərkəzlərindən əlavə Sumqayıt, Gəncə və Quba “ASAN Kommunal” mərkəzlərində də 150 kVt-a qədər qeyri-əhali abonentlərin tikinti, ticarət, iaşə və digər obyektlərinə işıq çəkdirə bilirlər. Ən qısa vaxtda qeyri-əhali abonentlərin obyektlərinə 150 kVt-a qədər işıq çəkilmə prosesinin digər rayonlardakı “ASAN Xidmət” mərkəzlərini əhatə edəcəyi gözlənilir: "Bununla bağlı tezliklə yeniliklər olacaq və dərhal ictimaiyyət məlumatlandırılacaq".
Başqa bir yenilik isə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulma prosesinin daha sadə və çevik formada aparılmasının “Azərişıq” ASC-nin elektron xəritəsi üzərindən həyata keçirilməsi və bunun bölgələrdə də tətbiqi ilə bağlıdır.