Ramazan bayramı münasibətilə “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək. FED.az xəbər verir ki, bunu “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova deyib.
Onun sözlərinə görə, satış yarmarkası bayram günlərində paytaxtın 2 ünvanında təşkil ediləcək: Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 225 və Nizami rayonu, Qara Qarayev prospekti, 36A.
Eləcə də bax: Qanuni heyvan kəsilməsi necə olmalıdır? - VİDEO
"İyunun 5-6-da baş tutacaq yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər", - deyə L. Məmmədova qeyd edib.
O həmçinin bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlıq çərçivəsində yarmarka ərazisində Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək və satışa çıxarılan bütün məhsullar yoxlanışdan keçiriləcək.
Yarmarkada iştirak etmək istəyən fermerlər “Dövlət Aqrar Ticarət Şirkəti”nin rəsmi saytı vasitəsilə qeydiyyatdan keçə bilər. Bundan başqa fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər.
Bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal, ət və ət məhsulları və s. ala biləcəklər.