Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadır tipli kəsim məntəqələrinə infotur təşkil olunub.
FED.az xəbər verir ki, infotur çərçivəsində Sabunçu rayonu ərazisində fəaliyyət göstərən stasionar kəsim məntəqəsi və Xətai rayonu ərazisində qurulan çadır tipli kəsim məntəqəsi ilə yaxından tanış olma imkanı yaradılıb.
AQTA-nın şöbə müdiri, respublikanın Baş baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında bildirib ki, Qurban bayramında heyvan kəsiminin qida təhlükəsizliyi tələblərinə əməl olunmasını təmin etmək üçün ciddi hazırlıqlar gedir:
"Hazırda bu məntəqədə kəsim həyata keçirilir. Qurban bayramı günlərində də kəsim eyni sxem üzrə aparılacaq. Gətirilən heyvanlar həkim müayinəsindən keçir, bununla bərabər heyvanın haradan gətirilməsi, yerində müayinədən keçirilməsini təsdiq edən baytarlıq şəhadətnamələri ilə təmin olunur. Agentliyin regional bölmələrinin baytarlıq müfəttişləri tərəfindən verilən bu şəhadətnamələr burada agentliyin regional bölməsininin və ya ekspertiza laboratoriyasının əməkdaşları tərəfindən qəbul edilir. Heyvanın sağlamlığına tam əmin olduqdan sonra kəsimi başlayır. Kəsimdən sonra ət ekspertizadan keçir. Sonra hazır ət müvafiq qaydada möhürlənib vətəndaşların sifarişinə uyğun olaraq bütöv və ya cəmdək formasında təhvil verilir".
Q.Əbdüləliyev qeyd edib ki, daimi və 30 çadır tipli məntəqələrdə ətin baytarlıq-sanitariya ekspertizasının aparılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vətəndaşlara ödənişsiz xidmət göstərəcək.
30 saylı qida təhlükəsizliyinə nəzarət məntəqəsinin baytar həkimi Mədət Qocayev isə heyvanların necə müayinədən keçirilməsindən danışıb. Bildirib ki, kəsimdən öncə heyvanlara kliniki baxış keçirilir:
"Kəsimə buraxdığımız heyvan daim nəzarətdə olur. Heyvanda hər hansı xəstəliyin olmasından şübhə etsək, o zaman heyvanı laboratoriya şəratində müayinəyə cəlb edirik. Heyvanın ətindən və daxili orqanlarından nümunələr götürülür. Yaxma düzəldilir və kimyəvi üsullarla analiz edib yoxlayırıq ki, bu cəmdək yararlıdır, yoxsa yararsız. İndiyədək məntəqəmizdə xəstə heyvan aşkarlanmayıb".
M.Qocayev qeyd edib ki, əgər xəstəlik aşkarlansa, təlimata uyğun olaraq kəsimə icazə verilmir: "Kəsimdən sonra ətdə yoxlama aparılır. Hər hansı xəstəlik aşkarlanarsa utilizasiya olunur. Heyvanın kəsimindən sonra da heyvanın xüsusilə, qara və ağciyərindən nümunələr götürülərək xəstəliklər araşdırılır".
Qeyd edək ki, Qurban Bayramında heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar, 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarında olacaq.