Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli
Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir
tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsiminin qarşısının
alınması, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində yerli icra
hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə
baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir
(stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin
yaradılmasını təşviq edir.
Qurban bayramı günlərində heyvanların kəsimi və satışı adi günlər
ilə müqayisədə kütləvi şəkildə həyata keçirilir. Bu proses bəzi hallarda
kəsim üçün nəzərdə tutulan yerlərdən kənarda baş verir ki, bu da
təhlükəli xəstəliklərin qarşısının alınmasına, qanunvericiliklə müəyyən
edilmiş qaydada ət və ət məhsullarının baytarlıq-sanitariya
ekspertizasının aparılmasına, eyni zamanda nəqliyyatın və əhalinin rahat
hərəkətinə maneələr yaradır.
Bütün bunları nəzərə alaraq Qida Təhlükəsizliyi Agentliyi
tərəfindən bayram günlərində ölkə ərazisində qurbanlıq heyvanların
kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən
stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata
keçiriləcək. Bu məqsədlə bayram günlərində 44 stasionar heyvan kəsimi
məntəqəsi və 30 çadırtipli kəsim yeri lazımi avadanlıqlar ilə təmin
edilərək, vətəndaşların ixtiyarına veriləcək.
Paytaxtda və Respublikanın müxtəlif bölgələrində qurulması
nəzərdə tutulan çadırtipli kəsim məntəqələri 3 hissədən ibarət olacaq.
Birinci hissədə heyvanın kəsimi, ikinci hissədə soyulması, üçüncü
hissədə isə doğranması prosesi tamamilə sanitariya-gigiyena tələblərinə
uyğun həyata keçiriləcək.
Sözügedən kəsim yerlərində ətin baytarlıq-sanitariya
ekspertizasının aparılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi
İnstitutunun səyyar laboratoriyaları vətəndaşlara ödənişsiz xidmət
göstərəcək.
Çadırtipli kəsim məntəqələri dezinfeksiya oluna bilən, tozun
qarşısını alan xüsusi materialdan hazırlanıb. Məntəqənin daxili döşəməsi
drenaj sistemi ilə təmin edilib ki, bu da kəsim zamanı heyvanın qanı və
digər axıntıların kanalizasiya vasitəsilə kənarlaşdırılmasına, nəticədə
ətraf ərazilərin çirklənməsinin qarşısının alınmasına imkan verəcək.
Çadırtipli kəsim məntəqələri heyvanın kəsilməsi, soyulması və
doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün paslanmayan
metallardan hazırlanan, gigiyenik tələblərə uyğun lazımı avadanlıqlarla
təchiz edilib.
Çadırın yaxınlığında heyvanın dərisi və digər tullantıların
daşınması üçün nəzərdə tutulan xüsusi konteynerlər qoyulacaq və həmin
tullantılar ərazidən daşınacaq. Prosesə nəzarəti Agentliyin, yerli icra
hakimiyyəti və hüquq-mühafizə orqanlarının əməkdaşları həyata
keçirəcək.
Agentlik Qurban bayramında heyvan kəsimini həyata keçirən
şəxslərə müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında
antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini
baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar
heyvan kəsimi məntəqələri və çadırtipli kəsim məkanlarında həyata
keçirməyə çağırır.
Qurban bayramında 74 yeni heyvan kəsimi məntəqəsi - İSTİFADƏYƏ VERİLƏCƏK
12:28
25 İyul 2019