“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Mingəçevir şəhəri, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov Yevlax rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov isə Zərdab rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.
FED.az xəbər verir ki, vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Müraciətlər zamanı fərdi şəkildə qaz çəkilişi, küçə qaz xətlərinin, eləcə də qapı keçidlərinin çəkilməsi, işə qəbul və digər məsələlərə toxunulub. Bundan başqa sentyabr ayının 27-də başlayan işğaldakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsində iştirak edən 2 əsgər və şəhid ailəsinin üzvləri də fərdi şəkildə qaz çəkilişinə köməklik göstərilməsini istəyib. Baş direktor R.Əliyev qaldırılan məsələlərin həlli, xüsusilə də əsgər və şəhid ailələrinin müraciətlərinin dərhal həll edilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Sonda Birlik rəhbəri Tərtər Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə daxil olan rayonlarda Vətən müharibəsi zamanı düşmənin namərd atəşi nəticəsində qaz təsərrüfatına dəyən ziyanla maraqlanıb. Məruzə olunub ki, hazırda Ağdam, Ağcabədi, Bərdə, Beyləqan və Füzuli rayonlarında qaz təchizatına dair hər hansı problem qalmayıb.
Yalnız Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdığı Şıxarx qəsəbəsində qaz xətlərinə və sayğaclara ciddi ziyan dəyən 34 binada təmir prosesinə ehtiyac var. Bu binalarda yaşayan 1100 abonentin qaz şəbəkəsi demək olar ki, sıradan çıxıb. Baş direktor Ruslan Əliyev bu çətinliyin tezliklə aradan qaldırılması üçün Bakıdan tikinti heyətinin və lazımi təchizat avadanlıqlarının bölgəyə ezam ediləcəyini bildirib.
qafqazinfo.az