Azərbaycanda şəhid ailəsi üzvləri və qazilərin işlə təmin olunması üçün ölkədə 450 şirkət 2 mindən artıq vakansiya təqdim edib.
Eləcə də bax: "Minlərlə şəhid ailəsi üzvünü və müharibə qazilərini işlə təmin edəcəyik" - MÜSAHİBƏ
Bu barədə FED.az-a Məşğulluq Agentliyindən məlumat verilib. Məlumata görə, indiyədək 449 şirkət və təşkilat 2012 vakansiya açıqlayıb. Bu şirkətlərin 229 və ya 51%-i dövlət, 220-si və ya 49%-i isə özəl sektordadır.
Təklif olunan vankansiyalarda əməkhaqları 300 manatdan 1500 manatadək dəyişir.
Əmək haqları 785 vakansiyada 300 manata qədər, 1115 vakansiyada 300-600 manat arasında, 97 vakansiyada 600-1200 manat arasında, 7 vakansiyada 1200-1500 manat, 7 vakansiyada isə 1500 manatdan artıq nəzərdə tutulub.
Şəhid ailəsi və qazilər üçün iş yerləri bütün ölkə üzrə təqdim edilib, ən çox işəgötürən və vakansiya Bakıdadır – 179 təşkilat və 962 iş yeri.
Artıq indiyədək 554 nəfər işlə təmin edilib. Onlardan təxminən 500 nəfəri kişi, 60 nəfəri qadındır. İşlə təmin olunanların 450 nəfər qazi, 104 nəfər isə şihəd ailəsidir.
İşə götürülənlərin 418 nəfəri 1 ilədək iş təcrübəsi olanlardır.
Təhsil səviyəsinə görə, ən çox işlə təmin olunanlar orta təhsillilərdir – 340 nəfər. Təhsili olmayan 33 nəfər də işlə təmin edilib.