BMT-nin Azərbaycan Nümayəndəliyi gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası həyata keçirir.
“Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək!” şüarı altında BMT agentliklərinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə reallaşdırdığı kampaniyanın məqsədi cəmiyyətin diqqətini qadınlara və qızlara qarşı zorakılıq probleminə çəkmək və onunla mübarizəyə çağırmaqdır.
FED.az xəbər verir BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva bildirib ki, qadınlara və qızlara qarşı zorakılıq demək olar ki, hər üç qadından birinin məruz qaldığı ən geniş yayılmış insan hüquqları pozuntusudur: “Azərbaycanda BMT qadınlara və qızlara qarşı zorakılığın qarşısının alınması və cavab tədbirlərinin görülməsi istiqamətində hökumət, vətəndaş cəmiyyəti, KİV və digər tərəfdaşlarla birlikdə çalışır. İrəliləyiş əldə olunub, lakin gender əsaslı zorakılığa “yox” demək üçün daha çox müttəfiqə ehtiyacımız var”.
25 noyabr – Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündə başlayan 16 günlük fəallıq kampaniyası 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə kimi davam edəcək.
Bu müddət ərzində BMT agentliklərinin rəhbərləri respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən Qadın Resurs Mərkəzlərində qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş müzakirələrdə iştirak edəcək.
“25 noyabrdan etibarən biz qadınlara və qızlara qarşı zorakılığın bütün təzahürlərinə qarşı tərəfdaşlarımızla birgə ilboyu apardığımız mübarizəyə bütün ictimaiyyətin diqqətini cəlb etməyə çalışacağıq. Səylərimizi birləşdirərək gender əsaslı zorakılıqla mübarizə sahəsində mövcud olan hüquqi-normativ çərçivənin səmərəli icrasını, habelə davamlılığını təmin edə bilərik”, deyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
Builki 16 günlük fəallıq kampaniyasına Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı da qoşulub.
Ombudsman Səbinə Əliyeva vurğulayıb ki, insanların həyatına, şəxsiyyətinə, mənəviyyatına, gələcəyinə, cəmiyyətin inkişafına və tərəqqisinə mənfi təsir göstərən zorakılıq qlobal miqyasda həlli vacib olan mühüm problemlərdən biridir: “Qadınlara qarşı zorakılıq halları insan hüquqlarının pozulması ilə yanaşı, iqtisadi və sosial fəsadlara da səbəb olur. Təəssüf ki, zorakılığın törətdiyi fəsadların ən böyük ağrısını və təsirini yaşayanlar da məhz qadınlar və qızlardır”.
16 günlük fəallıq kampaniyası çərçivəsində BMT-nin Azərbaycan Nümayəndəliyi sosial media platformalarında “Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək!” şüarı ilə kampaniyanın rəmzlərindən biri olan narıncı köynək aksiyası (Orange T-shirt Challenge) həyata keçirir.
BMT-nin Azərbaycan Nümayəndəliyi cəmiyyətin bütün üzvlərini tək 16 gün deyil, 365 gün ərzində qadınlara qarşı zorakılıqla mübarizəyə səsləyir.