Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər.
FED.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kompleksdə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin ərazisində yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, burada 1026 ailəlik 108 birotaqlı, 396 ikiotaqlı, 360 üçotaqlı, 162 dördotaqlı olmaqla 11 ikibloklu doqquzmərtəbəli yaşayış binası inşa olunub.
Dövlət başçısı və xanımı mənzillərə baxıblar.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində inşa edilmiş 344 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, 220 yerlik ikimərtəbəli uşaq bağçası bütün lazımi avadanlıqla tam təchiz edilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 32 nömrəli köçkün tam orta məktəbində yaradılan şəraitlə də tanış olublar.
Məktəblə tanışlıqdan sonra dövlət başçısı məcburi köçkünlərlə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.