Azərbaycanda pensiyaların verilməsində bankların və digər təşkilatların seçimi təklif edilən xidmət haqlarına əsaslanır. Bu barədə FED.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Qeyd edək ki, hazırda ölkədə pensiyalar iki bank – Azərbaycan Beynəlxalq Bankı və «Kapitalbank»ın kartları ilə ödənilir. Bu prosesdə digər banklar, eləcə də ölkədə çoxsaylı filial və şöbələrə malik olan milli poçt operatoru olan «Azərpoçt» iştirak etmir.
Nazir bunun səbəbini həmin təşkilatların təqdim etdiyi xidmət haqqının yüksək olması ilə izah edib: «Bu gün əməliyyat və kart xərci «Azərbaycan Beynəlxalq Bankı» və «Kapital Bank» da «Azərpoçt»a nəzərən daha azdır. Onların şəbəkəsi bunu daha ucuz emal etməyə imkan verdiyinə görə, müqavilə bu banklarla imzalanıb».
Eləcə də bax: Əmək pensiyaları kəskin artırılacaq - NAZİRDƏN AÇIQLAMA
Nazirin sözlərinə görə, hazırda bu iki bankın təklif etdiyi xidmət haqqı 0,35% təşkil edir: «Hətta bu banklar bank kartlarını belə bizə maya dəyərindən aşağı qiymətə verir. Çünki onlar kommersiya bankıdır və düşünürlər ki, (pensiyaların verilməsi sayəsində) kifayət qədər böyük dövriyyələri olacaq və o dövriyyədən gəlir əldə edə biləcəklər».
Bundan başqa, pensiya kartlarının olması həmin banklara müştərilərin maliyyə durumu, ödəniş və kredit qaytarma qabiliyyəti barədə də mühüm bilgi verir ki, banklar bundan həmin müştərilərə kredit verərkən faydalanırlar: «Vətəndaşın pensiya kartı bir bankda olanda sabah onun həmin bankdan kredit götürmə ehtimalı da böyükdür. Buna görə banklar öz ziyanlarına belə olsa ucuz qiymət təklif edirlər».
S.Babayev bilirib ki, xidmət haqları dəyişsə, pensiyalar «Azərpoçt» vasitəsilə də verilə bilər: «Əgər «Azərpoçt» daha yaxşı təklif versə, biz onlarla da müqavilə imzalamağa hazırıq. Pensiya Fondu olaraq bizim marağımız ondan ibarətdir ki, əməliyyat xərcimiz nə qədər az olarsa, bu bizim üçün bir o qədər yaxşıdır».