Pensiyaçılar indeksləşdirmə nəticəsində olan artımları fevral ayından etibarən almağa başlayacaq.
Eləcə də bax: DSMF: "Əmək pensiyaları indeksləşdirilərək artırılacaq"
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev deyib.
O qeyd edib ki, yanvar ayında Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqının məbləğini təqdim edir və istehlak qiymətlərinin indeksləşdirilməsi müəyyən olunur.
“Yanvarla-fevralın artımı fevralda ödənilir. Tam məbləğ artıq mart ayından ödənilməyə başlayır. Yəni, fevral ayında artımla alınacaq məbləğ yanvar və fevral ayını əhatə etdiyinə görə yekun məbləğ olmur. Hətta mart ayında da bizə müraciətlər olur ki, pensiyamız niyə azaldı? Hazırda pensiya artımla ödənilmir. Artımla yalnız minimum pensiyalar verilir, yəni 200 manat pensiya artırılaraq 240 manata çatdırılıb və həmin şəxslərə artımla ödəniş edilib. Amma digər pensiya alan şəxslər indeksləşdirmə nəticəsində olan artımlarını fevral ayında almağa başlayacaq.
Artırılan müavinətlər isə bu aydan veriləcək. Məsələn, yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılıb. Bu şəxslər sosial müavinətlərini artımla birgə yanvarın 20-25-i aralığında alacaqlar", - deyə o bildirib.