“Mühasibat uçotu haqqında” qanuna dəyişiklik pensiya və maaşların artırılması üçün yeni maliyyə bazasının yaradılmasına imkan verəcək.
Mühasibat uçotu elektron formada aparılmalı olan subyektlər müəyyənləşir - SİYAHI
FED.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, qanuna dəyişikliyin məqsədi bütün kağız məlumatların elektron daşıyıcılara köçürülməsidir.
“Artıq elektron qaydada mühasibatlığın aparılması məcburi olacaq. İlkin gözləntilər ondan ibarətdir ki, bu qanun kölgə iqtisadiyyatının azalmasına səbəb olacaq və büdcə gəlirlərinin artmasına təsir göstərəcək. Bu da pensiya və əmək haqqlarının artırılması üçün maliyyə imkanlarını genişləndirəcək. Yəni maliyyə vəsaitinin artması pensiya və əmək haqqlarının artırılması üçün yeni maliyyə bazasıdır və sosial proqramlara daha çox vəsaitin ayrılmasına imkan yaradacaq. Eyni zamanda büdcə gəlirlərinin daha dayanıqlı olmasına şərait yaradacaq”, - deyə V.Bayramov əlavə edib.
Qeyd edək ki, “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, aşağıdakı mühasibat uçotu subyektlərində mühasibat uçotu elektron formada aparılmalıdır:
- iri sahibkarlıq subyektlərində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyektlərində
- qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərində;
- illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslərdə.
Qanuna dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsin oktyabrın 13-də keçirilən iclasında müzakirə edilərək plenar iclasa tövsiyə edilib. (Trend)