Prezident İlham Əliyevin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli Sərəncamı ilə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarının sığorta hissəsindəki pensiya kapitalları da 6,7 faiz indeksləşdirilməklə artırılır.
Eləcə də bax: Əmək pensiyaçılarına maddi yardım ödəniləcək - SƏRƏNCAM
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəbərində bildirilib. Qeyd edilib ki, bu da əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları ilə deyil, həmçinin hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir.
Yeni Sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb.
Qeyd edilib ki, qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və b. ibarətdir. Mövcud qanunvericiliyə əsasən bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığına görə illik indeksasiyalar onların pensiyalarının ümumi məbləğinə şamil olunmur. Yeni Sərəncam isə bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq.