Xəbər verildiyi kimi, prezident İlham Əliyevin Sərəncamı ilə pensiyalar və fərdi hesablardakı pensiya kapitalları artırılıb.
Sərəncamla bağlı görüləcək işlərə dair keçirilən mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib ki, 2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdirilərək 11,4% artırılır.
FED.az-ın məlumatına görə, H.Məmişov qeyd edib ki, pensiyaların növbəti artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını və ya pensiyaçıların 93%-ni əhatə edir. Digər pensiyaçılar isə xüsusi şərtlər əsasında pensiya təyin olunmuş şəxslərdir.
Artım 2021-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Pensiyaların indeksasiya edilərək artırılması üçün il ərzində əlavə olaraq 441 milyon manat yönəldiləcək.
Dövlət başçısının yeni Sərəncamı ilə fərdi hesabların sığorta hissəsindəki pensiya kapitalı da istehlak qiymətləri indeksinin 2020-ci il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilərək yanvarın 1-dən 2,8% artırılır.
Bu da əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində iştirak edən şəxslərin mənafeyinə xidmət edir və onların fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay əməkhaqlarından sosial sığorta ayırmaları nəticəsində deyil, həmçinin hər il dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir.
Fond sədri xatırladıb ki, 2020-ci ildə də pensiya, Prezidentin təqaüdü və müavinət, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20% və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat vəsait yönəldilib.
Bu il isə prezidentin təqaüdlərinin məbləği şəhid ailələri üçün 66,7%, Azərbaycanın Milli Qəhrəmanı üçün 20%, İkinci Dünya müharibəsi iştirakçıları üçün 100%, müharibə və 20 Yanvar əlilləri, müharibə əlillərinə bərabər tutulanlar üçün 50%-dən çox artırıldı, Vətən Müharibəsi Qəhrəmanları üçün Prezidentin aylıq təqaüdü (2000 manat) təsis olundu.