Avtodayanacaq talonunun itirilməsinə görə, cərimə qanunsuzdur. FED.az xəbər verir ki, belə bir paylaşımı hüquqşünas Əkrəm Həsənov facebook səhifəsində edib.
Qanun keşikçisinin paylaşımını olduğu kimi təqdim edirik.
Əkrəm Həsənov: Bakı Apellyasiya Məhkəməsi hakim İkram Şirinovun sədrliyi ilə möhtəşəm qətnamə qəbul edib (dərc edirəm). Məlum olduğu kimi, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus dayancaqlarda avtomobilin saxlanmasına görə sürücüyə talon (bilet) verilir. Həmin talon itirildiyi halda sürücüdən saxlanmaya görə muzddan əlavə cərimə (10 manat) də tutulur. Təbii, bu qanunsuzdur. Çünki talon müqavilə şərti deyil, yalnız avtodayanacağın öz öhdəliklərini yerinə yetirməyə yardım edən vasitədir.
Lakin sürücülər, bir qayda olaraq, mübahisə etmədən cəriməni ödəyirlər. Bir sıra səbəbdən: qanunu bilmirlər, məbləğ kiçikdir, hüquqi yardımın alınması nisbətən bahadır, dövlət orqanı ilə çəkişmənin mənasız olduğunu düşünürlər və s. və i.a. Hətta hüquqşünaslar da bəzən belə “xırda” mübahisələrə baş qoşmaq istəmir. Amma xoşbəxtlikdən onların da arasında istisnalar var. Belələrindən biri ölkəmizin ən savadlı hüquqşünaslarından biri – dostum Firdovsi Qasımovdur.
O, nəinki cərimənin qanunsuzluğu, həmçinin ona vurulmuş mənəvi zərərin də əvəzinin ödənilməsini tələb edib. Birinci instansiya məhkəməsi iddiasını təmin etməsə də, apellyasiya məhkəməsi şikayətini təmin edib: cərimə də qanunsuz hesab edilib, mənəvi zərərin də əvəzinin ödənilməsi qət edilib. Bununla da bu kimi işlərdə mühüm presedent yaranıb! Həmişə deyirəm: qanun, uğrunda mübarizə aparan varsa, HÜQUQDUR! Hər birimiz Firdovsi Qasımov kimi hüquqlarımızın arxasınca getsək, hüquqi dövlətin yaranması, məmur özbaşınalığının sonu çox asan məsələ olacaq!
P.S. Əlbəttə, bu işdə məhkəmənin də rolu böyükdür. İşə sədrlik edənin İkram Şirinovun olması həlledici olub. Keçmiş tanınmış vəkil, hazırda isə ölkənin ən savadlı hakimlərindən biri olan İkram müəllim həm elmi, həm də qanunvericilik baxımdan möhtəşəm qətnamə qəbul edib.
Parkinq talonunu itirməyə görə - CƏRİMƏ QANUNSUZDUR – MƏHKƏMƏ QƏRARI
09:22
3 İyun 2019