Bakıda orijinal ətirlərin satışı ilə məşğul olan brend parfümeriya mağazalarının sayı əl barmaqlarının sayından çox deyil. Buna baxmayaraq, eyni ətir bir mağazada qismən ucuz, digər mağazada isə bir qədər baha qiymətə satılır.
FED.az oxucu marağını nəzərə alaraq bu dəfə paytaxtda fəaliyyət göstərən parfümeriya mağazalarından qadınlar üçün olan məşhur “Şanel” ətrinin qiyməti ilə maraqlanıb. Siyahını təqdim edirik:
“Şanel”in “İdeal” qiyməti – 334 manat
“İdeal” mağazalar şəbəkəsində “Şanel” ətri həm 50 və 100 milliqram olmaqla, həm də müxtəlif çeşidlərlə təklif olunur. Burada 50 milliqramlıq “Şanel” ətrinin qiyməti 215-235 manat arası dəyişir. Bu ətrin 100 milliqramının qiyməti isə çeşidindən asılı olaraq 309-334 manata təklif olunur. Mağazadan bildirdilər ki, son vaxtlar ən çox satılan qadın ətri isə “Karalina”dır. Bu ətrin 30 milliqramının qiyməti 134 manat, 50 milliqramının qiyməti isə 203 manatdır. Qeyd edək ki, “İdeal” mağazalar şəbəkəsinin 9 satış məntəqəsi var.
Bu mağazada “Şanel” qiymətləri 183 manatdan başlayır
“Sabina” mağazasında da “Şanel” ətrinin qiyməti həm miqdara, həm də çeşidə görə dəyişir. Burada 50 milliqramlıq “Şanel”in qiyməti 183-221-239 manat arası, 100 milliqramlığı isə 262-316-341 manat arası dəyişir. “Sabina”dan bildirdilər ki, burada ən çox satılan qadın ətri markası “Gucci”dir. Bu ətrin 50 milliqramının qiyməti 196 manat, 100 milliqramının qiyməti isə 259 manatdır. Qeyd edək ki, “Sabina”nın 10 satış məntəqəsi var.
Bu brendin cəmi 4 dükanı var
“La Parfumerie” mağazasında isə “Şanel”in 50 milliqramının qiyməti 183-221 manat arası, 100 milliqramının qiyməti isə 250-316-341 manat arası dəyişir. Bu mağazada da qeyd olunan ətrin bir neçə çeşidi satılmaqdadır. Mağazadan verilən məlumata görə, burada ən çox satılan qadın ətri “Mantal”dır. Bunun 50 milliqramının qiyməti 115 manata, 100 milliqramının qiyməti isə 173 manatadır. Qeyd edək ki, “La Parfumerie” mağazalar şəbəkəsinin Azərbaycanda cəmi 4 satış məntəqəsi var.
50 milliqramı 128 manatadır
“Parfum Shop” mağazasında isə qadınlar üçün olan “Şanel” ətrinin 50 milliqramının qiyməti 128-169 manat arası, 100 milliqramının qiyməti isə 170-310 manat arası dəyişir. Mağazadan bildirdilər ki, burada ən çox satılan qadın ətri “Trussardi”dir. Bu ətrin 50 milliqramının qiyməti 75 manat, 100 milliqramının qiyməti isə 115 manatdır. Qeyd edək ki, digər brendlərdən fərqli olaraq daha münasib qiymətlər təklif edən bu mağazanın şəhərdə hələlik 1 satış məntəqəsi var.
140 manatdan 250 manata qədər
“Parfume Gallery” mağazasında da “Şanel” qiymətləri qismən münasibdir. Belə ki, burada 50 milliqramlıq “Şanel”in qiyməti 140-160-170 manat arası, 100 milliqramlığı isə 190-250 manat arası dəyişir. Mağazadan dedilər ki, burada ən çox satılan qadın ətri “Mademoiselle”dir ki, onun da 50 milliqramının qiyməti 160 manata, 100 milliqramının qiyməti isə 230 manatadır. Bu mağazanın cəmi 1 satış nöqtəsi var.
Eləcə də bax: Ən sərfəli ölkədaxili turlar hansıdır? – SİYAHI, QİYMƏTLƏR
“Şanel”in Dubay variantı – 26 manata
“Golden Rose” mağazasından bildirdilər ki, burada “Şanel” ətrinin yalnız Dubay variantı var. Bu da sadəcə 100 milliqram olur, qiyməti 26 manatdır. Bu mağazada ən çox satılan qadın ətrinin adı da “Golden Rose”dur. Bu ətir də 100 milliqram olur və bunun da qiyməti 26 manatdır. Onu da öyrəndik ki, mağazanın ümumən 10 satış nöqtəsi var.
“Şanel” “Bazaar”da yaxşı satılır
“Bazaar” parfümeriya mağazasında isə “Şanel” ətrinin yalnız 100 milliqramı satılır. Qiyməti çeşidindən asılı olaraq 120-150 manat arasında dəyişir. Mağazadan bildirdilər ki, hazırda “Şanel”dən başqa ən çox satılan qadın ətirlərindən biri də “Dior”dur. Bu ətrin qiyməti isə 85-150 manat arası dəyişir. Qeyd edək ki, “Bazaar” parfümeriyanın 1 satış nöqtəsi var.
Məmməd Ağayev
Parfümeriya mağazalarında eyni ətrin fərqli qiyməti - SİYAHI
16:47
2 May 2018