Azərbaycanda pandemiyanın təsirlərinin hiss olunmağa başladığı aprelin əvvəlindən indiyədək rəsmi əmək müqaviləsi ilə işləyənlərin sayı təqribən 36 min nəfər artıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1646,1 min nəfər idi, onların 911,7 min nəfəri dövlət sektorunda, 734,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdi.
2020-ci il iyunun 1-i vəziyyətinə isə muzdla çalışan işçilərin sayı 1681,7 min nəfərdir, onlardan 930 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 751,7 min nəfəri isə qeyri-dövlət sektorunda işləyir.
Başqa sözlə haqqında danışılan iki ay ərzində rəsmi əmək müqavilə ilə işləyənlərin sayı 35,6 min nəfər artıb. Artımın 18,3 min nəfəri dövlət sektorunun, 17,3 min nəfər isə özəl sektorun payına düşüb.