Koronavirus pandemiyası Bakı sakinlərinin 44%-in maddi durumuna təsir edib
“ACT Azərbaycan” Bakı şəhərində COVID-19 pandemiyasının əhaliyə təsirini öyrənmək üçün 30 aprel – 3 may tarixlərində paytaxt sakinləri arasında müxtəlif istiqamətlərdə həyat tərzi sorğusu həyata keçirib.
FED.az xəbər verir ki, araşdırmanın nəticəsinə görə, rəyi öyrənilənlərin 19%-i pandemiyanın onların həyatlarına çox təsir etdiyini, təqribən yarısı isə (48 %) pandemiyanın həyatlarına müəyyən təsirlərini hiss etdiklərini bildiriblər. Hər 3 respondentdən 1-i isə (33 %) pandemiyanın onların həyat tərzinə təsir etmədiyini deyib.
Əksəriyyətin fikrincə (56 %) karantin rejimi ilə bağlı yaranan ən böyük çətinlik onların adət etdikləri və sevdikləri məşğuliyyətləri həyata keçirmələrində yaranmış məhdudiyyətlər olub. Pandemiya zamanı maddi vəziyyətinin pisləşdiyini bildirənlər 44% təşkil edib. Rəyi soruşulanların 31%-i bildirib ki, onların istifadə etdiyi mal və xidmətlər indi onlar üçün əlçatmazdır.
COVID-19 pandemiyasından sonra insanlar arasında münasibətlərin necə dəyişəcəyi ilə bağlı verdiyimiz sualımıza cavab olaraq əksəriyyət (41 %) insanların daha çox özlərinə və yaxınlarına qayğı göstərəcəklərini bildiriblər.
Sorğuda iştirak etmiş respondentlərin 15%-i pandemiya dönəmində yaxınları ilə münasibətlərinin pisləşdiyini, 11% yaxşılaşdığını vurğulayıblar.
Sorğu 30 aprel - 3 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.