Ölkə Prezidentinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ötən il imzaladığı fərman və sərəncamları ilə 2019-cu ilin aprel ayının 1-dən etibarən əhalinin bir çox kateqoriyalarına təyin olunmuş sosial müavinətlərin məbləğləri əhəmiyyətli dərəcədə artırılıb.
FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il hesabatında məlumat verilib.
Qeyd edilib ki, yaşa görə sosial müavinətin məbləği 73 manatdan 130 manata, əlilliyə görə müavinətin məbləği müvafiq olaraq I dərəcə əlilliyə görə 82 manatdan 150 manata, II dərəcə əlilliyə görə 61 manatdan 130 manata, III dərəcə əlilliyə görə 52 manatdan 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin məbləği 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə müavinətin məbləği 68 manatdan 80 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin məbləği 61 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına müavinətin məbləği 68 manatdan 100 manata, beşdən çox uşağı olan qadınlara müavinətin məbləği hər uşaq üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə müavinətin məbləği 109 manatdan 200 manata, dəfn üçün ödənilən müavinətin məbləği 146 manatdan 300 manata çatdırılıb.
Eyni zamanda, bəzi kateqoriyadan olan şəxslər üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin məbləğləri artırılıb, bir sıra yeni təqaüdlər təsis edilib. Təqaüdün məbləği müharibə əlilləri üçün I dərəcə əlilliyə görə 182 manatdan 250 manata, II dərəcə əlilliyə görə 158 manatdan 230 manata, III dərəcə əlilliyə görə 121 manatdan 210 manata, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I dərəcə əlilliyə görə sosial müavinət alanlar üçün 73 manatdan 100 manata (Sərəncama əsasən, təqaüd həmçinin əmək pensiyası almaq hüququ olan I dərəcə əlillərə şamil olunub), 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə 17 təltif edilmiş şəxslər üçün (müharibə əlilləri istisna olmaqla) 121 manatdan 150 manata çatdırılıb.
I dərəcə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat, müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdləri təsis edilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq vərəsələrə 11 min manat birdəfəlik ödənişlər 2018-ci ilin oktyabr ayından etibarən verilməyə başlanılıb ki, hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə (12 min şəhidin 18 min vərəsəsinə) 11 min manatlıq birdəfəlik ödənişlərin verilməsi 98% təmin olunub, 300 nəfərə yaxın vərəsənin isə müəyyənləşdirilməsi və ödənişlərinin təmin edilməsi üzrə işlər davam etdirilir.
Apa