Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə martın 17-dən 20-dək fasiləsiz olaraq dörd gün müddətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
Nazirliyin mətbuat xidmətindən FED.az-a bildiriblər ki, yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunacaq:
Bakı şəhəri üzrə:
1. Xətai rayonu:
- Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı;
2. Nərimanov rayonu:
- Keşlə bazarının ərazisi;
3. Səbail rayonu:
- Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası;
4. Suraxanı rayonu:
- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin yanı;
5. Binəqədi rayonu:
- Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.
Sumqayıt şəhəri üzrə (2 yerdə):
- 12-ci mikrorayon;
- köhnə avtovağzalın yanı.
Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.