“Mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və formalaşdırılması önəmlidir. Bu çox zəruri və əhəmiyyətli məsələdir. Qısa zaman ərzində mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili ilə məşğul olmuşuq”.
Mədəniyyət Nazirliyinin Elmi-Texniki və İxtisasartırma Mərkəzinin direktoru - İşdən Azad Olunub
FED.az xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli deyib.
“Artıq təyinatımdan iki ay keçib. Bu müddət ərzində tam şəkildə mədəniyyət sferasında baş verən prosesləri, kadr potensialı ilə bağlı təhlil mərhələsindən keçməkdəyik. Problemlərlə daha yaxından tanış oluruq. İnstisional səviyyədə problemləri gördükcə bu sahədə çoxlu qüsurların mövcud olduğunun şahidi oluruq. Mədəniyyət sahəsinə hökumət tərəfindən hər zaman xüsusi diqqət və qayğı var", - o bildirib.
A.Kərimli söyləyib ki, hər hansı səbəbdən kadr yanaşmaları fərqli istiqamətdə olub. Onun sözlərinə görə, xüsusilə də burada subyektiv səbəblər çoxdur: "Bu sahədə geniş müzakirələrə ehtiyac var. Qeyri-maddi mədəni irs sahəsi tək Mədəniyyət Nazirliyinin sahəsi deyil. Problem ondan ibarətdir ki, cəmiyyətin bu sahəni ayrı və fərqli kateqoriya kimi kənardan müşahidə etmək yanaşması var. Amma bu bizim bəlamızdır. Cəmiyyətin hər bir üzvünün əsas istəyi məhz mədəniyyət sahəsinin inkişafı olmalıdır. Aidiyyəti şəxsləri bu işə cəlb etməsək bu prosesdə hər hansı uğurun qazanılmasından və irəliləməsindən söhbət aça bilmərik".
30-dan çox vəzifəli şəxs işdən çıxarılıb
Məlumata görə, Dekabrın 22-si Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini təyin edilən və eyni zamanda nazir vəzifəsinin icrası ona tapşırılan Adil Kərimli ciddi kadr islahatına başlayıb.
Məlumata görə, bu vəzifəyə təyinatından az bir müddət keçməsinə baxmayaraq Adil Kərimlinin mədəniyyət sahəsinin inkişafına yönələn islahatları kadr dəyişikliklərini də əhatə edib. Belə ki, keçmiş nazir Anar Kərimovun dövründə necə gəldi vəzifəyə təyin olunan, şəxsi münasibətlər zəminində irəli çəkilən, amma bacarığı və peşəkarlığı ilə nazirliyin fəaliyyətinə uyğun gəlməyən şəxslər ortaya çıxarılır, barələrində ciddi ölçü götürülür və müqavilələrinə xitam verilərək nazirlikdən uzaqlaşdırılır.
Bildirilir ki, son iki ayda Mədəniyyət Nazirliyinin sistemində, regional idarə və şöbələrində fəaliyyətində ciddi nöqsan aşkarlanmış 30-dan çox rəhbər şəxs və əməkdaş işdən çıxarılıb.
Yaxın günlərdə sözügedən vəzifələrə də yeni təyinatların olacağı gözlənilir. (Report, Qafqazinfo)