Bu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2023-ci il fevralın 1-dən 280 manata çatdırılıb.
Azərbaycanda minimum əmək pensiyası 280 manat oldu - FƏRMAN
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən xəbərə görə, beləliklə, 1 fevral tarixinə məbləği 280 manatdan az olan pensiyaların məbləğləri həmin məbləğə çatdırılacaq.
Eyni zamanda həmin tarixdən sonra pensiyaya çıxacaq şəxslərə təyin edilən pensiyanın minimum məbləği artıq 240 deyil, 280 manat təşkil edəcək.
Son 5 ildə aparılan sosial islahatlar nəticəsində ölkəmizdə sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum pensiyanın 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılmasına nail olunub.
Hazırda minimum pensiya məbləği 2023-cü il üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumunu (199 manat) 81 manat və ya 40,7 faiz üstələyir.
Qeyd edək ki, 2023-cü ilin əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində pensiya ilə yanaşı, əməkhaqqı, müavinət və təqaüdlərin də növbəti dəfə artırılması təmin edilib.