Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) «İşsizlikdən sığorta haqqında” qanunla bağlı əhaliyə müraciət edib. FED.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, işsiz vətəndaşlar qanuna uyğun olaraq müraciət edərək işsizlikdən sığrta ödənişi ala bilərlər.
Müraciətdə deyilir
Hörmətli vətəndaşlar! Nəzərinizə çatdırırıq ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanuna əsasən dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər. Belə ki, dövlət qulluğunda çalışanlar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.2-ci və 33.1.3-cü maddələrinə uyğun olaraq, digər hüquqi şəxslərdə çalışanlar isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) və b) bəndlərinə uyğun olaraq işdən azad edildikdə və ən azı 3 il sığorta stajına malik olduqda məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alındıqdan sonra işsizlikdən sığorta ödənişi almaq hüququna malikdirlər. Sığorta stajı dedikdə, 1 yanvar 2018-ci ilə qədər sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət və 1 yanvar 2018-ci ildən sonra sığorta haqqı ödənilən müddət nəzərdə tutulur. İşsiz kimi qeydiyyata alındığı gündən əvvəlki 24 təqvim ayı ərzində sığorta stajı 12 təqvim ayından çox oduqda sığorta ödənişi itirilmiş orta aylıq əməkhaqqına nisbətdə, 12 təqvim ayından az olduqda isə minimum məbləğdə ödənilir.
Qanuna əsasən sığorta ödənişi sığorta stajından asılı olaraq vətəndaşın itirilmiş orta aylıq əməkhaqqının məbləğinə aşağıdakı faiz dərəcələri tətbiq olunmaqla hesablanır:
- sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz;
- sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz;
- sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz.
Misal 1. Vətəndaş 7 il 3 ay sığorta stajına malikdir və itirilmiş orta aylıq əmək haqqı 520 manat hesablanıb. Bu halda onun sıgorta ödənişi 520 x 0,55 = 286 manat təşkil edəcək.
İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üzrə müəyyən edilmiş ölkə üzrə orta aylıq əmək haqqından çox və minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:
- 1 və 2-ci aylar üçün – 100 faiz;
- 3 və 4-cü aylar üçün – 80 faiz;
- 5 və 6-cı aylar üçün – 70 faiz.
Misal 2. Vətəndaş 12 il sığorta stajına malikdir və itirilmiş orta aylıq əmək haqqı 1200 manatdır, ölkə üzrə əvvəlki ildə orta aylıq əmək haqqı 540 manat müəyyən edilib. Bu halda sığorta ödənişi 1200 x 0,60 = 720 manat hesablanır. Lakin bu ölkə üzrə orta aylıq əmək haqqından çox olduğu üçün sığorta ödənişi 540 manat müəyyən edilir.
Misal 3. Vətəndaşın sığorta ödənişi 150 manat hesablanmışdır. 5-ci ay bu məbləğin 70 faizi ödənilməlidir, lakin bu 105 manat etdiyi üçün və minimum sığorta ödənişindən az olduğu üçün 130 manat ödənilir.
Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir. Minimum sığorta ödənişinin müddəti 3 ay, məbləği isə 130 manat təşkil edir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq sığorta ödənişi almaq hüququnuzdan istifadə etmək üçün qeydiyyatda olduğunuz rayon (şəhər) üzrə Məşğulluq Mərkəzinə müraciət etməyiniz tövsiyə olunur.