Birdəfəlik yardım üçün Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinə müraciət edən və imtina alan şəxslərin böyük hissəsi nazirliyin onlara təklif etdiyi iş təkliflərindən imtna edib.
FED.az xəbər verir ki, bu barədə nazirliyin ictimaiyyətlə əlaqələrinin rəhbəri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, birdəfəlik ödəmə proqramı hazırkı şəraitdə sosial dəstək tədbirlərindən yalnız biridir və yardımdan imtina mesajları gələn şəxslər də diqqətdən kənarda deyil. Onların rifahına dəstək olacaq tədbirlərə cəlb edilməsi üçün imkanlar genişdir: «Belə şəxslər istədikləri halda ödənişli ictimai işlər və digər aktiv məşğulluq proqramlarına cəlb edilə bilər».
Amma indi məlum olur ki, yardım üçün müraciət edib imtina alanlar təklif olunan iş təkliflərinə maraq göstərmirlər: «Lakin nələri müşahidə etdik?
Təkcə son 3 gündə imtina mesajı ilə bağlı bizə müraciət edən, işsiz və aztəminatlı olduqlarını və 190 manata ehtiyac duyduqlarını israrla bildirən 4400 vətəndaşımıza dəstək olmaq, 190 manatdan daha çox məvacibli, əmək müqaviləsi əsasında ödənişli ictimai işlər təklif etdik. Lakin onlardan cəmi 21-i (0,5 faizi) bu işlərdə çalışmaq istədiyini bildirdi. Qalanı isə işləməkdən imtina etdi, hətta bu təklifə əhəmiyyət belə vermədilər.
Maraqlıdır: işsiz, aztəminatlı olduğunu deyən şəxs cəmi iki ay verilməsi nəzərdə tutulan 190 manatı niyə əmək müqaviləsi əsasında iş yeri qazanmaqdan üstün tutur?!»
Nazirlik nümayəndəsi bildirir ki, bunun səbəbini iki amillə bağlamaq olar: «Ya həmin insanlar işsiz olduqlarını desələr də əslində gəlirsiz deyillər. Bu da onların 190 manata ehtiyaclarının olmadığını, onlara göndərilən imtina mesajlarındakı səbəblərin dəqiq müəyyən olunduğunu göstərir. Ya da həmin şəxslər sadəcə işləmək istəmirlər».
F.Talıbov bildirib ki, bundan sonra da aktiv məşğulluq proqramlarımız getdikcə genişlənəcək və işləmək istəyən hər bir şəxsə bu proqramlara cəlb olunmaq imkanı yaradılacaq.