Qələbəmizin qəhrəmanlarından biri olan, müharibədə yaralanmış Elçin Səmədovun ailəsinə ev tikintisini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öhdəsinə götürüb.
Eləcə də bax: Şəhid ailələri və müharibə əlilləri üçün yeni - Sosial Dəstək Tədbirləri Hazırlanır
FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov paylaşım edib.
Paylaşımda bildirilib ki, nazirliyin əməkdaşları müharibədə çoxsaylı qəlpə yarası almış Elçinlə görüşüb, ailəsinin vəziyyəti, ev şəraiti ilə yerindəcə tanış olublar: "Elçin yaxın günlərdə əməliyyat olunacaq. Qəbələ şəhərində yaşayan ailə dörd nəfərdən (özü, anası, biri məktəbli olan, digər peşə təhsili alan iki qardaşı) ibarətdir. Nazirlik ağır məişət şəraiti olan vaqon evdə yaşayan ailə üçün sosial tərəfdaşların dəstəyi ilə fərdi ev tikilməsini qərara alıb.
Əsgərin anası Şükürova Vüsalə Müzəffər qızının işsiz olduğu nəzərə alınaraq öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin olunub. Ailənin ünvanlı sosial yardım almaq hüququna da baxılacaq.
Elçinin qardaşı peşə təhsilini bitirdikdən sonra onun da işlə təminatına kömək göstəriləcək. (Apa)