Sosial şəbəkələrdən birində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 4000-ə qədər işçisinin guya əmək müqaviləsiz işlədildiyi, işə çıxan işçilərə əmək haqqı ödənilmədiyi, mərkəzi aparat işçilərindən başqa heç kimin işə qəbul olunması barədə əmr verilmədiyi barədə qeyd edilənlər əsassızdır.
FED.az xəbər verir ki, bu barədə ƏƏSMN-dən bildirilib.
Nazirlikdən bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanı ilə DSMF-nin Nizamnaməsi təsdiq edilib.
“Həmin Fərmanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə publik hüquqi şəxslərin strukturunun təsdiq edilməsi, işçilərinin sayının yuxarı həddinin və əməkhaqlarının təsdiqlənməsi işlərinin bir ay müddətində görülməsi tapşırılsa da, bütün bu işlərin vaxtından xeyli tez yerinə yetirilməsi təmin olunub.
Belə ki, DSMF-nin Nizamnaməsi təsdiq edildikdən 2 gün sonra, iyulun 2-də Fondun strukturu təsdiq edilib, iyulun 3-də Fondun rəhbəri, iyulun 8-də Fondun Aparatında vakant vəzifələrə 216 nəfər təyin olunub.
İyulun 15-də sosial ödənişlər (pensiya) aparıldıqdan sonra 23 iyul 2020-ci il tarixli əmrlə Fondun struktur bölmələri yaradılaraq bir gün sonra 75 nəfər bu bölmələrə rəhbər təyin edilib. İyulun 30-dək həmin 75 struktur bölməsi dövlət qeydiyyatına alınıb.
İyul ayının sonunda DSMF-nin yerli bölmələrində işləyən 1970 nəfərin əmək müqavilələrinə xitam verilib.
Sonrakı günlər Qurban bayramı və istirahət günləri ilə əlaqədar qeyri-iş günləri olduğuna görə avqustun 3-dən Fondun struktur bölmələrinin strukturu və ştat cədvəlinin tamamlanması işləri görülməklə, avqustun 5-də təsdiqlənib. Avqustun 6-da isə Fondun İxtisaslaşdırılmış mərkəzi filiallarına 510 nəfər, avqustun 11-də Bakı şəhəri Xidmət nümayəndəliklərinə 327 nəfər təyin edilib. Avqustun 12-də isə qalan 1133 əməkdaş vakant vəzifələrə təyin edilib.
Həmçinin DSMF-nin əməkdaşlarından 1967 nəfəri elə Fondun müvafiq struktur bölməsinin bazasında yaradılan Sosial Xidmətlər Agentliyinə (SXA) keçirilib.
DSMF və SXA-ya qəbul olunan həmin işçilərin hər biri ilə işə qəbul olunduqları gündən əmək müqavilələri bağlanaraq “Əmək müqaviləsi bildirişi” altsitemində qeydiyyata alınıb. DSMF və SXA publik hüquqi şəxslərinə işə qəbul olunan işçilərin əməkhaqları əvvəlki əməkhaqlarına nisbətən azı 2-3 dəfə çoxdur. Həmçinin bütün işçilərə Qurban bayramı ilə əlaqədar əməkhaqqının 100 faizi məbləğində mükafat da verilib”, - deyə məlumatda qeyd olunur.