Bu gün saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi Feysbuk səhifəsində canlı yayımda ilk “Sosial saat”ı təqdim etdi.
FED.az xəbər verir ki, “Sosial saat”ın ilk yayımı əmək pensiyasının minimum məbləğinin artırılması mövzusuna aid idi. Yayımın vaxtı, mövzusu və dəvət edilmiş qonaq barədə əvvəlcədən ictimaiyyətə məlumatlar verilmişdi.
Eləcə də bax: Azərbaycanda nazirlikdən yenilik - İLK DƏFƏ
Yayım zamanı nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov əmək pensiyasının minimum məbləğinin artırılması, ümumən pensiya və müavinət təminatı, aparılan sosial islahatlarla bağlı vətəndaşların suallarına aydınlıq gətirdi.
Bir saat davam edən yayım zamanı şərh bölməsinə yazılan ümumilikdə 181-dən çox vətəndaş müraciəti cavablandırıldı.
Canlı yayıma müxtəlif vaxtlarda ümumilikdə 1700-dən çox istifadəçi qoşulub və canlı yayım 60 nəfər tərəfindən paylaşılıb.
“Sosial saat” öz fəaliyyətini açıq nazirlik statusuna uyğun quran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətə daha açıq olmaq və vətəndaş suallarını daha operativ şəkildə cavablandırmaq məqsədi daşıyır.