Bu ilin iyulun 1-nə Naxçıvan MR-da rəsmi işsiz kimi qeydiyyata alınmış şəxslərin sayı 13 min 65 nəfər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu ötən ilin eyni dövrü ilə müqayisədə 6 min 939 nəfər, başqa sözlə 2,1 dəfə çoxdur.
Ötən ilin müvafiq dövründə Muxtar Respublikada işsizlərin sayı 6 min 126 nəfər olub.
İllik müqayisədə işsiz sayında ən kəskin artım Sədərək rayonunda qeydə alınıb. Rayonda işsizlərin sayı 397 nəfər və ya 2,7 dəfə çoxalıb. Ümumi işsiz sayı isə iyulun 1-I vəziyyətinə 630 nəfərə bərabər olub.
Şərur və Ordubad rayonlarının hər birində 2,5 dəfəlik artım müşahidə edilib. Bu rayonlarda işsizlərin sayı rəqəm ifadəsində müvafiq olaraq 1 692 və 890 nəfər artıb. Məlumatlara görə Şərur rayonunda işsizlərin sayı 2 841 nəfər, Ordubad rayonunda isə 1 495 nəfər təşkil edib.
Culfa rayonu üzrə işsizlərin sayı 893 nəfər, başqa sözlə 2,3 dəfə artaraq 1 573 nəfərə və Babək rayonu üzrə 1 207 nəfər və ya 2,1 dəfə artımla 2 258 nəfərə yüksəlib.
Kəskin artım hiss olunan digər rayonlara Kəngərli rayonu (592 nəfər və ya 82,1%), Naxçıvan şəhəri (963 nəfər və ya 80,7%) və Şahbuz rayonu (305 nəfər və ya 61,7%) da daxildir.
1 iyul vəziyyətinə rəsmi olaraq Kəngərli rayonunda 1 313, Naxçıvan şəhərində 2 156, Şahbuz rayonunda 799 nəfər işsiz qeydiyyatda olub.