Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) sədrinin müavini Ceyhun Salmanovun müsahibəsi
- Ceyhun müəllim, bu ilin iyun ayında Azərbaycanda təşkil olunacaq BMT Dövlət Xidmətləri Forumu barədə fikirlərinizi bölüşərdiniz...
- BMT Dövlət Xidmətləri Forumu ilk dəfə 2003-cü ildə ABŞ-ın Nyu-York şəhərində təşkil olunub. Forumun əsas məqsədi dövlət xidmətləri sahəsində şəffaflığa və inkişafa nail olmaq, müasir innovasiyaların tətbiqini təmin etməkdir. 2015-ci ildə Kolumbiyanın Medellin şəhərində keçirilmiş BMT-nin Dövlət Xidmətləri üzrə Forumunda “ASAN Xidmət” “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. MDB məkanında ilk dəfə Azərbaycan belə bir mükafata layiq görülüb. Bu tədbir, adətən, 23 iyun – BMT-nin dövlət xidmətləri günü ərəfəsində keçirilir. Sevindirici haldır ki, belə bir nüfuzlu tədbir Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BMT-nin birgə əməkdaşlığı çərçivəsində bu il 24-26 iyun aralığında ölkəmizdə keçiriləcək.
Tədbirin beynəlxalq əhəmiyyəti çox böyükdür. Müxtəlif dövlətlərdən bu foruma hər il 500-800 nəfər arası qonaq təşrif buyurur. Forum zamanı dövlət idarəçiliyində innovasiyaların tətbiqi və xidmətlərin göstərilməsi sahəsində dövlətlərarası təcrübə mübadiləsi aparılır, müxtəlif əməkdaşlıq müqavilələri imzalanır. Azərbaycanda keçiriləcək tədbir çərçivəsində də ölkəmizin modelinin təşviqi və xarici dövlətlərdə tətbiqi məqsədilə bir sıra dövlətlərlə əməkdaşlıq müqavilələri imzalanacaq. Artıq tədbirin rəsmi veb-saytı da istifadəyə verilib, iştirakçıların qeydiyyatı başlayıb. Yaxın günlərdə tədbirin mobil tətbiqi də hazır olacaq. Bildiyiniz kimi, ölkə rəhbərliyinin tapşırığına əsasən son illər ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, innovativ fəaliyyətin təşviqi və xidmətlərin göstərilməsində şəffaflığın və əlçatanlığın artırılması sahəsində bir sıra işlər həyata keçirilir. Belə bir nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi həm görülən işlərin məntiqi nəticəsi, həm də dövlət xidmətləri sahəsində ölkəmizin intellektual məhsulu və innovasiyası olan “ASAN Xidmət” konsepsiyasının beynəlxalq səviyyədə qəbul olunmasının göstəricisidir.
Bilirsiniz ki, Dövlət Agentliyi olaraq biz beynəlxalq əməkdaşlığa çox böyük önəm veririk. Bu günə kimi 10-dan artıq dövlət və bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq memorandumu imzalanıb. BMT və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) kimi qurumlar “ASAN Xidmət” konsepsiyasını qabaqcıl model kimi üzv təşkilatlara tövsiyə edib. Artıq 3 dövlət – Mərakeş, Monteneqro və Uqanda ilə ASAN modelinin həmin ölkələrdə tətbiqi ilə bağlı təcrübə mübadiləsinə başlanılıb. Əfqanıstanla imzalanmış memorandum çərçivəsində bu ilin yanvar ayından həmin ölkədə “ASAN Xidmət” konsepsiyası əsasında qurulmuş xidmət mərkəzi fəaliyyətə başlayıb.
- Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış “myGov” şəxsi kabinet əsaslı Elektron Hökumət portalının tezliklə vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır. Bu portalın əsas funksiyaları nədən ibarət olacaq?
- 2018-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, rəqəmsal hökumətə keçid sahəsində bir sıra tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. Onlardan biri də Elektron Hökumətin İnkişafı Mərkəzi publik hüquqi şəxsin yaradılması idi. Dövlət Agentliyinin tabeliyində bu qurum qısa müddətdə yaradılaraq fəaliyyətə başladı. Yaradılarkən qurumun qarşısında duran ilk vəzifə mövcud elektron hökumət portalının dayanıqlılığının təmin edilməsi, resursların artırılması, elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi olmuşdu və bu iş müvəffəqiyyətlə yerinə yetirilib. Elektron hökumət sahəsində ixtisaslaşmış qurum olan Mərkəz eyni zamanda müxtəlif dövlət orqanlarının informasiya sistemlərinin təkmilləşdirilməsi, xidmətlərin elektronlaşdırılması və vətəndaşlara daha da əlçatan olması sahəsində bir sıra işləri həyata keçirir. Bu tədbirlərdən biri də “myGov” konsepsiyasının tətbiq edilməsi idi.
Ölkəmizdə xidmətlərin vətəndaşlara göstərilməsinin inkişafı müxtəlif mərhələlərdən keçmişdir. İlkin mərhələdə xidmətlər dövlət qurumlarında fiziki olaraq vətəndaşlara göstərilirdi. Vətəndaşlar da məcbur olurdular ki, müxtəlif dövlət orqanlarına müraciət etsinlər. Bəzən bir sənəddən ötrü bir neçə quruma müraciət olunurdu. Növbəti mərhələdə “ASAN Xidmət” mərkəzləri yaradıldı. Artıq bu mərhələdə vətəndaşlar bir mərkəzə gəlməklə müxtəlif dövlət orqanlarının xidmətlərindən yararlana bilirlər. Bu onların əlavə vaxt və vəsait itkisinin qabağını alır. Elektron Hökumət konsepsiyası elə “ASAN Xidmət”in elektron mühitə implementasiyasıdır. Yəni necə ki, “ASAN Xidmət” mərkəzləri heç bir xidmət göstərmir, yalnız müxtəlif dövlət qurumları tərəfindən göstərilən xidmətlərin mərkəzləşdirilmiş və ASAN prinsiplərinə uyğun qaydada göstərilməsini təmin edir, Elektron Hökumət sistemi də bu işi elektron qaydada təmin edəcək.
Qeyd etdiyimiz kimi, Elektron Hökumət sistemində xidmətlərin göstərilməsinin yeni mərhələsi olan “myGov” konsepsiyası hazırlanır. Artıq bu modeldə dövlət özü vətəndaşa onun üçün seçilmiş xidmətləri göstərmək üçün müraciət edir. Bunun üçün vətəndaşa şəxsi kabinet yaradılır. Bu isə bizə vətəndaş mərkəzli “citizen centric” xidmətlərin göstərilməsinə imkan verəcək. Düşünün ki, vətəndaşın hər hansı sənədinin, tutaq ki, sürücülük vəsiqəsinin etibarlılıq müddətinin vaxtının bitməsi barədə xəbəri olmaya bilər. Bir çox hallarda vətəndaş bununla bağlı yalnız yol polisi əməkdaşı onu saxladıqdan və ya hər hansı qaydanı pozduqdan sonra xəbər tutur. Bu isə əlavə vaxt itkisi, əlavə xərc deməkdir. Lakin “myGov” şəxsi kabinetində vətəndaşlar sənədlərinin vaxtının bitməsi ilə bağlı məlumatları əvvəlcədən ala biləcəklər. Bu şəxsi kabinetlərdə vətəndaşlar özlərinə aid bütün şəxsi məlumatlarla tanış ola biləcəklər. Şəxsiyyət və sürücülük vəsiqələri, əmlakla, diplomla bağlı məlumatlar şəxsi kabinetdə yer alacaq. Tələb olunduğu təqdirdə, həmin məlumatları aidiyyəti qurumlara arayış formasında da yollaya biləcəklər. “myGov”da hər bir vətəndaşa spesifik, onun üçün seçilmiş xidmətlər olacaq. Yəni proses vətəndaş üçün daha da sadələşdiriləcək. Misal olaraq, əsasən xanım vətəndaşlar nikaha daxil olduqdan sonra soyadlarını dəyişdirirlər. Bu isə öz növbəsində xanımlara aid bır sıra sənədlərdə onların soyadlarının dəyişdirilməsi məsələsini ortaya çıxarır. Bu halda vətəndaş nikaha daxil olduqdan sonra ona aid dəyişdirilməli olan sənədlərin siyahısı göndəriləcək. Əgər istəsə, həmin sənədlərin dəyişdirilməsi ilə bağlı müraciət də edə biləcək.
“myGov” daxilində vətəndaşların fərdi məlumatlarının qorunması məsələsi də gündəmdədir. Əgər vətəndaşın dövlətdə olan hər hansı məlumatına müxtəlif qurumlar və ya şirkətlər tərəfindən baxış olarsa, bu barədə vətəndaş dərhal məlumatlandırılacaq. Bundan başqa, “myGov” üzərindən vətəndaşlar sənədlərində vaxtilə baş vermiş səhvlərin də aradan qaldırılması üçün müraciət edə biləcəklər. Vətəndaşların istifadə rahatlığını təmin etmək məqsədilə şəxsi kabinetin müxtəlif rəng çalarlarına uyğun tənzimləməsi funksiyasını da əlavə etmişik. Qeyd edim ki, “myGov” şəxsi kabinetinin may ayı ərzində vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır.
- “ASAN Finans” layihəsinin hazırlanması istiqamətində işlər hansı mərhələdədir?
- “ASAN Finans” müxtəlif maliyyə təsisatlarının (bankların, sığorta təşkilatlarının və s.) dövlət informasiya ehtiyatlarına çıxışının təmin edilməsi üçün tətbiq edilir. Yəni bu qurumlar Elektron Hökumət portalına qoşulmaqla öz xidmətlərini daha da təkmilləşdirə bilərlər. Onu da qeyd edim ki, bu layihə çərçivəsində bəzi banklar bir sıra xidmətlərini tam avtomatlaşdırmağı planlaşdırırlar. Həmin layihə zamanı vətəndaşlar müxtəlif kreditlər üçün və yaxud digər məqsədlərlə bağlı banklara müraciət etdikdə, banklar vətəndaşla bağlı onların sənədləşməsi üçün dövlətdə olan zəruri məlumatları E-gov üzərindən əldə edə bilirlər. Bu, həm bankların sürətli tərzdə prosesi rəsmiləşdirməsinə, həm də bank və sığorta sisteminin inkişafına gətirib çıxarır. Hazırda banklara vətəndaşların məlumatlarına baxmaq hüququ verilib. Bank vətəndaşdan yazılı imza ilə sənəd alır və vətəndaş dövlətdəki məlumatlara bankın baxmasına razılıq verir. Lakin “myGov” işə düşdükdən sonra vətəndaş özü şəxsi kabinetində ona aid olan məlumatlara baxılıb-baxılmamasına icazə verəcək. Artıq 34 maliyyə təsisatı bu sistemə qoşulub, onlardan 22-si tam fəaliyyətə başlayıb.
- Bu gün "ASAN Xidmət” mərkəzlərində vətəndaşlara 12 dövlət orqanı, özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox müxtəlif xidmət göstərilməkdədir. Digər başqa dövlət orqanlarının aidiyyəti xidmətlərinin "ASAN Xidmət”ə inteqrasiyası nəzərdə tutulub?
- Bizim mərkəzlərdə vətəndaş müraciətlərinin sayı artıq 29 milyona yaxınlaşır. Təbii ki, vətəndaşlar “ASAN Xidmət” mərkəzlərində daha çox xidmətlərin göstərilməsini istəyirlər və bununla bağlı təkliflər də edirlər. Təsadüfi deyil ki, ASAN Xidmət”dən vətəndaşların məmnunluq səviyyəsi 100 faizə yaxındır. Lakin bildiyiniz kimi, “ASAN Xidmət” mərkəzlərində göstərilən xidmətlərin dairəsi müvafiq fərmanla tənzimlənir. Yeni xidmətlər əlavə edilərkən ilk növbədə “ASAN Xidmət” mərkəzlərinin özünün imkanları nəzərə alınır. Son zamanlar “ASAN mərkəz”lərdə göstərilən xidmətlərə bir sıra yenisi əlavə edilib. Xarici İşlər Nazirliyinin və Qida Təhlükəsizliyi Agentliyinin xidmətlərini buna misal olaraq qeyd edə bilərik. Onu xüsusi vurğulamaq istəyirəm ki, “ASAN Xidmət” özü xidmət göstərən bir qurum deyil. “ASAN Xidmət” müxtəlif dövlət qurumları, özəl şirkət və müəssisələrinin göstərdikləri xidmətləri vahid məkanda vətəndaşlara çatdırır. Bu xidmətlərin şəffaf keçirilməsinə nəzarət edir və monitorinq aparır. Bu günə kimi dövlət xidmətlərinin sadələşdirilməsi ilə bağlı tərəfimizdən xeyli sayda təkliflər verilib. Bu təkliflərin də bir çoxu qəbul edilib və xidmətlərin göstərilməsində təkmilləşdirmələr aparılıb.
- “ASAN Viza 1” sistemi Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi məqsədilə yaradılıb. Bəs Azərbaycan vətəndaşları üçün “ASAN Viza 2” sisteminin yaradılması istiqamətində aparılan işlər nə yerdədir?
- “ASAN Viza” sistemi 2017-ci ildə fəaliyyətə başlayıb. Bu günə kimə vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə “ASAN Viza” sistemi vasitəsilə 1 milyon 200 mindən artıq viza verilib. Bu sistemin yaradılması əcnəbilər tərəfindən müsbət qarşılanıb. Hava limanlarında da vizaların rəsmiləşdirilməsi həyata keçirilir. Həm adi, həm də təcili vizalar var. “ASAN Viza” turizmin inkişafında mühüm əhəmiyyətə malikdir. Sizin sualınıza gəldikdə, onu deyə bilərəm ki, “ASAN Viza 2” konsepsiyası tam hazırdır. Texniki olaraq da heç bir problem qalmayıb. Yeganə məsələ aidiyyəti dövlətlərlə bu sahədə əməkdaşlığa başlanmasıdır. Bir sıra səfirliklərlə bu məsələ ilə bağlı danışıqlar aparılır. Müsbət nəticələr əldə edildikdən sonra “ASAN Viza 2” konsepsiyasının tətbiqinə başlanılacaq.
- Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 16.11.2016-cı il tarixli fərmanına əsasən, “Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiya edilib. "Elektron hökumət" portalında “Elektron imza” və ya “ASAN imza” vasitəsilə qeydiyyatdan keçib, “Güzəştli mənzil” sistemi elektron xidmətindən istifadə etmək mümkündür. Lakin sistemin fəaliyyətində ləngimələr müşahidə edilir, vətəndaşlar narazılıq edirdilər. Sistemin təkmilləşdirilməsi istiqamətində hansı işlər aparılır?
- Elektron Hökumət portalı Dövlət Agentliyinə təhvil verildikdən sonra tərəfimizdən MİDA ilə əməkdaşlığa başlanıldı, İşçi qrupu formalaşdırıldı. Əvvəllər qarşıya çıxan problemlərin aradan qaldırılması istiqamətində ciddi işlər görülməyə başlanıldı və bir sıra problemlər aradan qalxdı. Son iki satış zamanı heç bir problem yaşanmadı. Sonuncu satış isə təxminən 40 saniyə ərzində yekunlaşdı və 150-dən artıq mənzilin hamısı satıldı. Hər satışdan öncə aidiyyəti dövlət qurumlarının iştirakı ilə görüşlər keçirilir və satış günü qərargah formalaşdırılır. Həm bizim Elektron Hökumətin texniki əməkdaşları, eyni zamanda Xüsusi Dövlət Mühafizə Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və digər qurumların mütəxəssisləri qərargahda təmsil olunurlar. Real vaxtda həyata keçirilən satışın şəffaflığına nəzarət edirlər. Eyni zamanda hər hansı problem yarandığı təqdirdə, problemin ani vaxtda həll edilməsi ilə bağlı işlər aparılır. Bu sahədə MİDA ilə sıx əməkdaşlıq edirik. Hazırda bununla bağlı hər hansı problem müşahidə olunmur. Güzəştli mənzillərin satışı məsələsi nəzarətdə olan və xüsusi həssaslıqla yanaşılan sahələrdən biridir.