Müqaviləsiz işçi götürənlərə qarşı – YENİ TƏDBİRLƏR
09:2827 Sen 2018
Azərbaycanda qeyri-formal məşğulluğa qarşı tədbirlərin yeni siyahısı açıqlanıb. FED.az xəbər verir ki, yeni tədbirlər 2018–2020-ci illərdə Azərbaycan Respublikasinda Rəqəmsal Ödənişlərin Genişləndirilməsi Üzrə Dövlət Proqramında nəzərdə tutulub.
Proqramdan məlum olur ki, Azərbaycanda əmək haqlarının kartla ödənilməsində ciddi problemlər var.
Belə ki, dövlət sektorunda əməkhaqları kartla ödənilsə də, özəl sektorda nağd əməkhaqqı ödənişlərinin payı yüksəkdir.
“Mastercard” beynəlxalq kart təşkilatı tərəfindən 2017-ci ilə Bakı və ölkənin 9 regionunda istehlakçılar və biznes subyektləri arasında keçirilmiş sorğunun nəticələri göstərir ki, işəgötürənlərin 67 faizi işçilərinin 57 faizinə əməkhaqqını nağd ödəyir.
Bunun qarşısını almaq üçün qeyri-formal məşğulluğa qarşı tədbirlər daha da artırılmalı, gələcəkdə dövlətin sosial yükünü ağırlaşdıran və əhalinin əmək pensiyası təminatında çətinliklər yaradan hallar araşdırılmalı və müvafiq tədbirlər görülməlidir.
Bu istiqamət üzrə Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlər həyata keçiriləcəkdir.
Tədbir 1. Əməkhaqlarının rəsmiləşdirilməsinə işəgötürənlərin və işçilərin həvəsləndirilməsi üçün tədbirlərin həyata keçirilməs
İşəgötürənləri və işçiləri əməkhaqların rəsmiləşdirilməsinə həvəsləndirmək üçün ölkədə tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi istiqamətində iş aparılacaqdır.
Tədbir 2. Qeyri-formal məşğulluğun yüksək olduğu sektorlarda əmək müqaviləsi qeydiyyata alınmamış işçi sayının azaldılması üçün “minimum əmək” standartlarının yaradılmasının nəzərdən keçirilməsi
Qeyri-formal məşğulluğun yüksək olduğu sektorlarda (ilk növbədə, tikintidə), beynəlxalq təcrübə nəzərə alınmaqla, “minimum əmək” standartları tətbiq edilməsinin məqsədəmüvafiqliyi nəzərdən keçiriləcəkdir.
Bu standartlarda konkret işlər üçün mövcud bazar şərtlərinə görə minimal əməkhaqqı, işin keyfiyyəti, istifadə edilən texnologiyalar müvafiq dövlət institutlarının rəyi nəzərə alınmaqla müəyyən ediləcəkdir.
Tədbir 3. Riskəsaslı audit mexanizmlərinin yaradılması imkanlarının nəzərdən keçirilməsi
Sosial müdafiə tədbirlərinin ünvanlılığının və effektivliyinin artırılması üçün əsas risk göstəricilərinin monitorinqi və təhlili sisteminin qurulması, risklərə nəzarət sistemlərinin təkmilləşdirilməsi nəzərdən keçiriləcəkdir.
Tədbir 4. Pensiya və digər sosial təminat hüquqlarının reallaşdırılması üçün əmək müqaviləsinin bağlanmasının əhəmiyyətinin ictimaiyyətə çatdırılmasının gücləndirilməsi
Pensiya və digər sosial təminat hüquqlarının reallaşdırılması üçün əmək müqaviləsinin bağlanmasının əhəmiyyətinin ictimaiyyətə çatdırılmasının gücləndirilməsi üçün müxtəlif tədbirlər (o cümlədən marketinq kampaniyaları) həyata keçiriləcək, həmçinin məktəblərdə gənclərin maarifləndirilməsi üzrə işlər aparılacaqdır.