Nazirlər Kabienti yanında Operativ Qərargahın qərarına əsasən, aprelin 27-dən fərdi tədris və repetitorluq fəaliyyətinə xüsusi qaydalar əsasında icazə verilir. İcazədə qrup şəklində hazırlıq istisna edilsə də, səhiyyə nazirinin müavini Vitali Qasımov bildirib ki,10 nəfər şagirdə qədər qrupa dərs keçirilə bilər.
Eləcə də bax: Repetitorlar VÖEN-i belə almalıdır - QAYDALAR AÇIQLANDI
Bu 10 nəfərlik qrup açıqlaması müəllimlərdə xeyli sualların yaranmasına səbəb olub.
10 şagirdlə dərsə başlasaq nə kimi problemlər olar? Vergi ödəmək üçün hansı qanunvericilik prosedurlarından keçmək lazımdır?
FED.az biznes və maliyyə xəbələri portalı TED.az-a istinadən məlumat verir ki, təhsil eksperti Elçin Əfəndi müəllimlər üçün bir sıra məqamlara aydınlıq gətirib.
O bildirib ki, 10 nəfərlik qrupa dərs keçməyin özündə yanlış cəhətlər var: "Əslində fərdi tədris zamanı şagirdlə müəllim təkbətək tədrisə qoşulmalıdırlar. Amma bizdə tam fərqlidir. Fərdi tədris adı ilə ən azı 10-15, hətta bəzən 20 nəfərlik qruplarla dərs keçirilir. Bu, ümumiyyətlə, yolverilməz haldır. COVİD-19 virusunun tüğyan etdiyi dönəmdə isə qətiyyən yolverilməzdir. Hazırda repetitor fəaliyyəti qruplarda ən azı 2-3 şagirdin iştirakı ilə müəyyən qaydalar çərçivəsində həyata keçirilə bilər. 10 nəfəri bir araya toplamaq yoluxma riskini artırar. Ümumiyyətlə isə virus saya baxmır. Sadəcə yoluxma arealının genişlənməsi baxımından kütləvilikdən qaçmaq lazımdır".
Ekspert xatırladıb ki, Təhsil Nazirliyi repetitor fəaliyyəti ilə bağlı müəyyən qaydalar hazırlayır: "Fikrimcə, bu qaydalarda həm şagirdlərin say məsələsi dəqiqləşəcək, həm izloyasiya tədbirlərinə riayət öz əksini tapacaq, həm də repetitorların vergiyə cəlb olunması yer alacaq. Düşünürəm ki, bütün bunlarla yanaşı, onlara vahid proqramlar da verilə bilər. Ən azından bu nəzərə alınmalıdır.
Müəllimlərin fərdi tədris və repetitorluq fəaliyyəti yalnız xüsusi qaydalarla tənzimlənəcək. Hazırda onların fəaliyyət göstərməsi üçün vergi ödəyicisi olmaları şərtdir. Bu birmənalı olaraq hər repetitordan tələb olunur".
Ekspert qanunvericilik prosedurlarından da söz açıb. Bildirib ki, repetirorlar fəaliyyət göstərmək üçün icaze.gov.az saytından qeydiyyatdan keçərək icazə sahibi olduqlarını rəsmiləşdirməlidirlər: "Bu zaman isə onlardan müxtəlif parametrlərə cavab vermələri ilə bağlı məlumatları bazaya daxil etmək tələb olunur. Bunlardan biri də vergi ödəyicisi olduqlarını bildirən VÖEN məsələsi, möhür sahibi olmalarıdır. Bu qeydiyyat bitdikdən sonra fəaliyyətə başlaya bilərlər. Hər müəllim 37,50 qəpik DSMF üçün, gəlirinin 1%-ini isə vergi üçün ödəməlidir. Bu qərar pandemiya ilə bağlı bütün VÖEN sahiblərinə güzəştli şərtlərlə verilib. 2020-ci il dekabrın 31-ə qədər bu qaydada ödəniş ödəyəcəklər. Məsələn, repetitor qeydiyyat zamanı şagirdlərinin sayını orada qeyd etməlidir. Həmin şagirdlərdən gələn ödənişə görə rəsmi qəbz verməlidir. Əldə etdiyi gəlir 500 AZN olarsa, hər ay cəmi 5 manat bu ilin sonuna qədər vergi ödəyəcək. Bunun da üzərinə 37,50 AZN gəlsək, hər ay ümumi 42,50 AZN ödəniş etməli olacaq. Qəbz tələbi onun gəlirinin qanuniliyi üçündür ki, şagird sayı az göstərilərək vergidən yayınan olmasın. Bu proses bütün ölkədə tətbiq olunacaq. Ümumiyyətlə bu proses ötən illərdə başlanmalı idi. Yalnız karantinə aid deyil, sadəcə bu dövrə təsadüf etdi".