Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi Qrupunun Ədliyyə Nazirliyinin inzibati binasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə sahibkarlıq subyektləri ilə görüşü keçirilib.
Ədliyyə Nazirliyindən FED.az-a verilən məlumata görə, görüş çərçivəsində İşçi Qrupun rəhbəri, nazirliyin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Toğrul Hüseynov və İşçi Qrupun digər üzvləri tərəfindən sahibkarların qarşılaşdıqları çətinliklər, İşçi Qrupun fəaliyyətində görmək istədikləri islahatlar və yeniliklər dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və müvafiq sahədə qanunvericiliyin müddəaları onların diqqətinə çatdırılıb.
Görüşdə həmçinin Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi” çərçivəsində İşçi Qrup tərəfindən görülmüş işlər barədə sahibkarlara məlumat verilib.
Qeyd olunub ki, “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi Qrupunun əsas məqsədi öz fəaliyyət istiqamətlərinə uyğun olaraq biznesin təşviqinə şərait yaradan bütün aspektlərin inkişaf etdirilməsi, maneələrin aradan qaldırılması, mübahisələrin həlli mexanizmlərinin təkmilləşdirilməsi və onların əlçatanlığının təmin edilməsidir. Bu məqsədlə mübahisələrin həlli, məhkəmələrin və digər orqanların qərarlarının operativ icrası və effektivliyinin təmin edilməsi istiqamətində İşçi Qrup tərəfindən mühüm islahatlar aparılır.
Görüşdə bildirilib ki, icra hərəkətlərinin həyata keçirilməsində nağdsız hesablaşmaların tətbiqi, borclunun elektron pul təşkilatlarında olan vəsaitlərinə tutmanın yönəldilməsi, icra sənədlərinin icrasından yayınan hüquqi şəxslərin rəhbərlərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması, habelə onların axtarışının təşkili ilə bağlı və digər layihələr hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bununla yanaşı icra sisteminin maksimum rəqəmsallaşdırılması, bir sıra icra hərəkətlərinin tam avtomatlaşdırılması və icra sənədlərinin icrasında operativliyin təmin edilməsi məqsədilə “Elektron icra” informasiya sisteminin təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığı bildirilib.
Həmçinin vurğulanıb ki, ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayı artırılaraq “İcra məmuruna elektron müraciət” xidməti istifadəyə verilib. Yeni xidmətdən istifadə etmək üçün nazirliyin rəsmi internet səhifəsində “Dövlət xidmətləri” bölməsindən “İcra xidmətləri” hissəsinə keçid etməklə vətəndaşlar FİN və doğum tarixi əsasında sorğu edərək özlərinin tərəf olduqları icra işləri barədə məlumatları əldə edə, seçdikləri işlə bağlı icra məmuruna müraciət edə, habelə zəruri sənədləri həmin müraciətə əlavə edə bilərlər.
Eyni zamanda qeyd olunub ki, “Vahid məhkəmə portalı”nın yeni versiyası formalaşdırılaraq istifadəyə verilib. Burada həmçinin geniş auditoriyanın məhkəmə statistikası sahəsində məlumatlara əlçatanlığının təmin edilməsi məqsədi ilə “Məhkəmə statistikası” bölməsi yenilənərək yeni statistik göstəricilər əlavə edilib.
Görüşdə həmçinin mübahisələrin alternativ həlli mexanizimlərindən olan mediasiya sisteminin elektronlaşdırılması üzrə də işlərin yekunlaşma mərhələsində olduğu, e-mediasiya portalının hazırlandığı və onun çox az ölkə istisna olmaqla analoji modelinin mövcud olmadığı qeyd olunaraq, portalın yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağı səsləndirilib.
Bundan başqa, mübahisələrin alternativ həlli yollarından olan arbitraj institutunun ölkəmizdə inkişaf etdirilməsi yönündə islahatların aparıldığı, bu institutun elektronlaşması üzrə işlərə başlanıldığı da qeyd edilib.
Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi Qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.