“Minimum əmək pensiyasının məbləği hələ qaldırılmayıb. Bununla bağlı layihə göndərilib. Yaxın müddətdə qəbul edilməsi gözlənilir”.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Eləcə də bax: Əmək pensiyasının minimum məbləği - 240 MANAT OLACAQ
Onun sözlərinə görə, əmək pensiyaları sosial sığorta prinsipinə əsaslanan ödəniş növüdür: “Yəni bu ödəniş növü şəxsin əmək qabiliyyəti dövründə fəaliyyət göstərdiyi illərdə nə qədər sığorta haqqı ödəyibsə, həmin məbləğdə onun əmək qabiliyyətini bitirdiyi dövrdə ödənilən vəsaitdir. Yəni əmək qabiliyyəti dövründə əmək haqqı nə qədər yüksəkdirsə, ona yüksək sığorta haqqı ödənirsə, həmin toplanmış kapitala uyğun da əmək pensiyası əldə edilir. Əmək pensiyasının minimum məbləğinin artırılması müstəsna olaraq dövlət başçısının səlahiyyətindədir. Artıq bu məbləğ son 3 ildə 82 faiz artıb. Əmək pensiyalarının artırılması ilə minimum əmək haqqı arasında bağlılıq, balans var. İşləyən şəxs üçün müəyyən olunmuş əmək haqqı məbləği 300 manat, onun minimum əmək pensiyası bunun 80 faizi civarında olmalıdır. Balans qorunmaqla bu artımlar həyata keçirilir”.
Sədr növbəti dövrlər ərzində də minimum əmək pensiyalarının artırılması haqqında müvafiq təkliflərin təqdim olunacağını vurğulayıb.