Gələn ildən gözlənilən minimum əməkhaqqı artımı ölkənin sosial-iqtisadi həyatında mühüm yeniliklərdən biri kimi dəyərləndirilir. Minimum əməkhaqqının qaldırılması yalnız ən aşağı maaş alan şəxslərin deyil, ümumilikdə əmək bazarının, dövlət sektorunun və ölkə üzrə orta aylıq əməkhaqqı göstəricilərinin dinamikasına birbaşa təsir göstərir.
Aşağı maaş alanların da əməkhaqları artacaq - AÇIQLAMA - VİDEO
Bəs gözlənilən minimum əməkhaqqı artımı hansı işçi kateqoriyalarını əhatə edəcək və bu dəyişiklik özəl sektorda çalışanların gəlirlərinə, eləcə də ölkə üzrə orta aylıq əməkhaqqına necə yansıyacaq?
FED.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, minimum əməkhaqqının artırılması ölkə üzrə orta aylıq əməkhaqqı məbləğinə birbaşa təsir göstərəcək:
“Praktik olaraq minimum əməkhaqqının artırılması 700 mindən artıq vətəndaşımızın maaşlarında artımlarla müşahidə olunacaq. Bu da orta aylıq əməkhaqqı artımına təsir göstərən əsas faktorlardan biridir. Nəzərə alsaq ki, minimum əməkhaqqı artırıldıqdan sonra Nazirlər Kabineti dövlət idarələrində çalışan, lakin dövlət qulluqçusu olmayan vətəndaşlarımızın və digər kateqoriyaların maaşlarının artırılması ilə bağlı müvafiq qərar qəbul edəcək. Bu qərar minimum əməkhaqqından daha yüksək maaş alan, lakin dövlət qulluqçusu statutu taşımayan işçilərin də məvaciblərində artımlara gətirib çıxaracaq”.
Deputat ölkə üzrə orta aylıq əməkhaqqının artım dinamikası və gələcək proqnozlar barədə də diqqətəçəkən rəqəmlər səsləndirdi:
“O baxımdan gözlənti ondan ibarətdir ki, növbəti ildə minimum əməkhaqqındakı artımlar birmənalı şəkildə orta aylıq əməkhaqqı məbləğinə təsir göstərəcək və 2027-ci ildə də bu artım dinamikası devam edəcək. İlkin gözləntilərə görə, növbəti il orta aylıq əməkhaqqı məbləği 1300 manata yaxınlaşacaq. Bu da son illər müşahidə olunan artım tempinin davam etməsi anlamına gəlir. Hətta 2030-cu ilədək orta aylıq əməkhaqqı məbləğinin 1600 manata çatması proqnozlaşdırılır”.
Milli Məclisin üzvü Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial qanunvericilik islahatlarının vacibliyini vurğuladı:
“Minimum əməkhaqqının artırılması və ümumilikdə əməkhaqqı artımları vətəndaşlarımızın sosial təminatı və rifahının güclənməsi baxımından çox vacibdir. Xüsusilə də nisbətən az əməkhaqqı alan vətəndaşlarımızın gəlirlərinin artırılması əsas prioritetdir. Ona görə də cənab prezident tərəfindən imzalanmış Əmək Məcəlləsinə edilən dəyişikliklərdən sonra minimum əməkhaqqı məbləğinə ildə en azı bir dəfə baxılması nəzərdə tutulub. Bu da minimum əməkhaqqı və ümumi əməkhaqqı məbləğindəki artımların davamlı və mütəmadi olacağından xəbər verir”. (Operativ Məlumat Mərkəzi)













