Prezident minimum əmək haqqının 130 manatdan 180 manata qədər çatdırılması barədə sərəncam imzalayıb.
FED.az-ın Analitik Qrupu xəbər verir ki, minimum əmək haqqı 2018-ci ilin yanvarında 116 manatdan 130 manata qədər artırılmışdı.
ELƏCƏ DƏ BAX: Minimum aylıq əmək haqqı yaşayış minimumu ilə - BƏRABƏRLƏŞİB
Bu addımı zəruri edən əsas səbəb odur ki, manatın kəskin dəyər dəyər itirdiyi və onun səbəb olduğu ikirəqəmli inflyasiyanın baş verməsi nəticəsində rəsmi məlumata görə, 2014-cü ildən indiyədək yaşayşın dəyəri 50%-dək artıb. Məsələn, 2014-cü ilin yekunlarına görə, rəsmi təsdiqlənən yaşayış minimunun dəyəri 125 manat idisə, hazırda 180 manatdır - 55 manat artım var.
Eyni zamanda, 2014-cü ildə minimum əmək haqqı 105 manat idi və rəsmi yaşayış minimumuna nisbəti 84% idi. Hazırda isə bu 72%-ə düşmüşdü - səbəb o idi yaşayışın dəyəri minmum əmək haqqının məbləğindən daha sürətlə artırdı.
Azərbaycanda rəsmi olaraq yaşayış minimumunu 2007-ci ildən tətbiq edilməyə başlayıb. O zaman yaşayış minimumu 64 manat, minimum əmək haqqı 64 manat idi. Bu gün isə prezidentin sərəncamı ilə son 12 ildə ilk dəfə olaraq yaşayış minimumunun rəsmi dəyəri ilə minimum əmək haqqının məbləği bərabərləşib.
Minimum əmək haqqı dövlətin əlində özəl sektorda məvacibləri tənzimləyə biləcək yeganə mexanizmdir. Əmək qanunvericiliyinə görə, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq heç kəs öz işçisnə bu məbləğdən aşağı maaş verə bilməz.
Rəsmi açıqlamaya görə, minimum əmək haqqının artımı 600 minə yaxın insanın maaşına təsir göstərəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək.
Yeri gəlmişkən, əmək statistikası ilə bağlı rəsmi məlumat mənbələri də təsdiq edir ki, hazırda 180 manatdan aşağı aylıq məvacibi olanların sayı muzdlu işçilərin (1.5 mln. nəfər) 40%-nə yaxındır. Bunun əsas hissəsi büdcə sektorunda çalışanlardır. Bu baxımdan, minimum əmək haqqının hazırkı artımından adıçəkilən təbəqə daha çox bəhrələnəcək.
Məsələn, Nazirlər Kabinetinin 13 mart 2018-ci il tarixli 89 saylı qərarına görə, dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə çalışanların bir xeyli hissəsinin məvacibi hazırda təsdiq olunan 180 manat məbəğində məvacibdən azdır. Həmin qərara görə, 19 dərəcəli vahid tarif cədvəli ilə maaşları tənzimlənən və əməyinin ödənilməsi dərəcəi 1-8-ci dərəcələrə əsalanan işçilərin aylıq əmək haqqı hazırda 143-174 manat intervalında dəyişir. Eyni zamanda, bu qərara görə, Elmlər Akademiyasının elmi müəssislərində 1-3 dərəcə ilə əməyi tarifakasiya edlən işçilərin maaşları 160-176 manat intervalında dəyişir.
Bu qərar yalnız müəllimlərə, xüsusilə də orta və ali təhsil sistemində çalışan pdedqoji işçilərə demək olar ki, təsiri olmayacaq. Çünki ali təhsil müəssislərinin müəllimlərinin maaşı ayrıca qərarla tənzimlənir və hətta aşağı maaşlar belə minimum əmək haqqındab yüksəkdir. Dövlət ümumi təhsil müəssisələrində çalışanlar isə əsasən diaqnostik qiymətləndirilmədən keçdirkləri üçün Nazirlər Kabinetinin 11 iyul 2016-cı il 270 saylı qərarı ilə onların məvacibləri da minimum əmək haqqından xeyli uzaq düşüb. Məsələn, adıçəkilən qərara görə, diaqnostikadan keçmiş və tam stavka ilə ən aşağı məvacibə işləyən müəllimin maaşı 352 manat təşkil edir.
Yuxarıda göründüyü kimi, minimum əmək haqqının artımı ilə bağlı qərar müxtəlif qrupların maaşların artırsa da, bəzi qrupların xərclərini də artıracaq. Söhbət xüsusilə də xırda sahibkarlardan və fərdi torpaq payçılarından gedir. Belə ki, 2018-ci ilin sonlarında təsdiqlənən və 2020-ci ilin yanvarından qüvvəyə minəcək sosial sığorta qanunvericiliyinə görə, tikinti və ticarət sahələrində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar minimum əmək haqqının 50%-i, iqtisadiyyatın yerdə qalan sektorlarında çalışan fərdi sahibkarlar isə minimum əmək haqqının 25%-i qədər aylıq sosial ayırma etməlidirlər. Yeni artım onların xərclərini 12-25 manat aaralğında artıracaq.
Fərdi torpaq mülkiyyətçiləri və ailə kəndli təsərrüfatlarının üzvləri də (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) minimum əmək haqqının 6%-i qədər sosial ayırma etməlidirlər. Məsələn, ailə kəndli təsərrüfatları öz üzvlərinin hər biri üçün indiyədək 7.8 manat ödəməli idi, indən sonra isə bu məbləğ 10.8 manat olacaq. Minimum əmək haqqının artımı 4 nəfərlik ailə kəndli təsərrüfatı üçün hər ay 12 manat il ərzində 144 manat əlavə xərc yaradacaq.
Minimum əmək haqqının hazırkı 38%-lik artımı göstərir ki, sahibkarların və torpaq mülkiyyətçilərinin bu qərarlardan təsirlənməmsi üçün onların sosial ayırmalarının minimum əmək haqqı əsasında müəyyən olunması təcrübəsindən imtina etmək çox vacibdir.
Başqa bir vacib məqam: artıq Rusiyada yaşayış minimumunun və yoxsulluğun hesablanması üçün hökumət səvəiyyəsində qərar qəbul edilib. Əsas arqument də budur ki,20 il öncə qəbul edilmiş bu mexanizmlər müasir dövrün inkişaf tələblərinə cavab vermir. Azərbaycanda da oxşar durumdur: yaşayış minimumunun dəyəri yoxsulluq və aclıq həddinin, eyni zamanda ərzaq və qeyri-ərzaq səbətlərinin ayrıca hesablanmasını nəzərdə tutmur. Halbuki həmin göstəricilər ayrıca hesablanmadığı şəraitdə mövcud əmək haqqının məbləğinin insanların real yaşayış dəyərinə nə dərəcədə uyğun olduğunu qiymətləndirmək mümkün olmur.