Dövlət Sosial Müdafiə Fondu metro da ağır şəraitdə işləyənlərin pensiyaya vaxtından əvvəl çıxması ilə bağlı açıqlama yayıb.
FED.az xatırladır ki, dünən metronun bir qrup əməkdaşının (maşinist və köməkçilər) Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verməsi haqda məqalə dərc edilmişdi.
Belə ki, onlar orqanizm üçün zərərli sayılan işdə çalışdıqlarını iddia edərək vaxtından əvvəl - 57 yaşında pensiyaya çıxmaq hüququna malik olduqlarını bildiriblər.
Lakin DSMF Nazirlər Kabinetinin qərarına əsasən, metro əməkdaşlarının ağır və zərərli işdə çalışan şəxslər siyahısında olmadığını qeyd etmişdi.
İndi isə DSMF-nin həmin məsələ ilə bağlı yaydığı açıqlamaya görə, artıq metroda çalışan şəxslərin güzəştli şərtlərlə pensiya alması ilə bağlı müraciət edilib:
“Bir sıra peşə və vəzifələrin də qeyd olunan siyahıya daxil edilməsi üçün qanunvericilikdə dəyişikliklər edilməsi üçün Dövlət Sosial Müdafiə Fondu (DSMF) məsələ qaldırılıb. Fond bir çox təşkilatlara müraciət edib ki, dəyişikliklərdə nəzərə alınması üçün ağır və zərərli iş yerləri barədə məlumatları həmin iş yerlərinin qanunvericiliyə uyğun attestasiyasını aparıb təqdim etsinlər. Bir neçə təşkilatın, o cümlədən “Bakı Metropoliteni” QSC-nin bu barədə təklifləri nəzərə alınmaqla hazırlanmış qanunvericiliyə dəyişikliklər layihəsi hazırda müzakirədədir. Layihə təsdiq edildikdən sonra metroda müvafiq vəzifələrdə çalışmış şəxslərə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün olacaq” (Qafqazinfo).