Azərbaycanda məhkəmə iddiaları üzrə rüsumlar artırılacaq. FED.az xəbər verir ki, bu yenilik məhkəmə hüquq islahatları çərçivəsində qanunvericiliyə hazırlanan növbəti dəyişikliklərdə nəzərdə tutulur.
Milli Məclisdən verilən məlumata görə, hazırda məhkəmə-hüquq islahatları çərçivəsində növbəti normativ hüquqi aktlar toplusu üzərində iş davam edir. Bura cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması aiddir.
Eləcə də bax:Azərbaycanda yeni məhkəmə işçiləri - İŞƏ GÖTÜRÜLƏCƏK
Bundan başqa, yeniliklərə əsasən, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi gözlənilir.
Xatırladaq ki, hazırda məhkəməyə müraciət üçün dövlət rüsumunun məbləği işin zarakterindən asılı olaraq 10-40 manat arasında dəyişir. İqtisadi mübahisələr üzrə iddialarda döalət rüsumunun məbləği iddianın məbləğindən asılı olaraq cüzi dəyişir. Belə ki, iddia qiyməti 500 manata qədər olan mühkəmə işləri üçün rüsum 20 manat, 500 manatdan artıq işlər üzrə isə 30 manat təşkil edir.
Hüquqşünaslar FED.az-a bildirir ki, məhkəmə proseslərinin, xüsusilə də biznes mübahisələrinin əsassız olaraq, bəzən isə iştirakçılar tərəfindən qəsdən uzanmasının səbəblərindən biri iri mübahisələr üzrə iddia rüsumlarının aşağı olmasıdır.
Belə ki, bir neçə milyon manatlıq iddia qaldırmaq üçün maksimum 30 manat tələb olunur ki, bu da hər hansı layihəni və ya biznes əməliyyatı əsasız olaraq, tormozlamaq üçün kifayət edir.