“Kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin bərpa olunması Mədəniyyət Nazirliyinin, xüsusən mədəniyyət nazirinin şəxsi diqqətindədir”.
FED.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, pandemiya şərtlərinə əməl edilməklə, kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı Nazirlik tərəfindən Operativ Qərargaha müraciət ünvanlanıb: “Hazırda davam edən Bakı Caz Festivalının, ötən il onlayn formatda keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının böyük məhdudiyyətlərlə olsa da, bu il canlı keçirilməsinə nail olmuşuq. Hazırkı şəraiti nəzərə alaraq, bu fakt özü ölkə rəhbərliyinin məsələyə verdiyi önəmin bir göstəricisidir.Bu festivallar bizim üçün bir sınaq rolunu oynayır. Belə ki, gedişat uğurlu alınarsa, bu, teatr-konsert müəssisələrinin açılmasına yönəlik müsbət addım olacaqdır”.
Bildirilib ki, teatr və kinoteatrların açılması məsələsində təkcə müəssisələrə yox, eyni zamanda tamaşaçılara da böyük ümidlər bəslənilir: “Onu da deyək ki, teatr-konsert müəssisələrində fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyəti peyvənd olunub. Ümid edirik ki, sıravi vətəndaşların – potensial tamaşaçılarımızın da əksəriyyəti peyvənd olunandan sonra kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa ediləcək. Ümid edirik ki, bu bəla xalqımızın başı üzərindən sovuşar və ölkəmizdə həyat tezliklə öz axarına qayıdar. Amma hələ ki, bu real təhlükə mövcuddur və dövlətimiz ilk növbədə əhalinin sağlamlığını düşünməyə məcburdur”. (Apa)