Azərbaycanda uşaq qidaları ilə bağlı yayılan qalmaqala Qida Təhlükəsizliyi Agentliyi nöqtə qoyub. FED.az xəbər verir ki, Agentlik qidaların ekspertizasını keçirib, ən əsası bu qidanın ölkəyə hansı şirkət tərəfindən gətirildiyini aydınlaşdırıb.
Agentliyin məlumatında deyilir ki, «Malyutka-2» əmtəə nişanlı uşaq qidalarından götürülən nümunələrin ekspertiza nəticələri açıqlanıb. Aparılan araşdırmalar nəticəsində qablaşdırmanın tamlığının məqsədyönlü şəkildə pozulduğu, içərisinə yad cisimlərin doldurularaq kustar üsullarla yenidən qablaşdırıldığı aşkar olunub.
«Malyutka-2» əmtəə nişanlı uşaq qidasının qutusuna doldurulan yad cismin istehlak üçün yolverilməz olan torpaq süxurları, qum və daş hissəcikləri olduğu müəyyən edilib. Eyni zamanda yad cisim radioloji və toksikoloji müayinələrə cəlb olunub və tərkibində hər hansı təhlükə aşkarlanmayıb.
Eləcə də bax: Deputat: “Azərbaycan keyfiyyətsiz məhsulların poliqonuna çevrilib”
«Əlavə olaraq bildiririk ki, “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları ölkəyə “İDC 2000” MMC tərəfindən idxal edilir»-deyə məlumatda deyilir.
Qeyd edək ki, adı çəkilən şirkət sözügedən uşaq qidalarının ölkəyə «Veysəloğlu» şirkəti tərəfindən gətirildiyini iddia edir, «Veysəloğlu» isə bunu təkzib edirdi. Agentliyin açıqlaması «Veysəloğlu»nun haqlı olduğunu üzə çıxarıb.
Agentlik belə problemli məhsulun ölkəyə necə gətirildiyini də açıqlayıb. Açıqlamada deyilir ki, digər qida məhsulları kimi “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları da risk əsaslı ekspertizaya cəlb olunur və təhlükəsizlik göstəriciləri yoxlanıldıqdan sonra idxalına icazə verilir. Amma indiyədək yoxlanılan nümunalərdə problem tapılmayıb: «Adı çəkilən məhsul idxal olunarkən 11 nümunə üzrə ekspertizaya cəlb edilmiş və istehlak üçün hər hansı uyğunsuzluq aşkar olunmamışdır».
Qida məhsulunun qablaşdırmasına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır.
İstehlakçılardan oxşar hallarla qarşılaşdıqları zaman Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.
«Malyutka-2» uşaq qidasının «sahibi» tapıldı - MƏSULİYYƏTDƏN YAYINMAQ İSTƏYİRDİ
16:58
5 Aprel 2019