Dekabr ayında ölkəmizdə ilk dəfə olaraq Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri festivalı keçiriləcək.
Bu barədə dekabrın 4-də Lənkəran Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə məlumat verilib.
Müşavirədə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov festivalın keçirilməsi ilə bağlı hazırlıq işlərindən danışıb. O, nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi üçün bütün qüvvələrin səfərbər olunmasının vacibliyini diqqətə çatdırıb.
Şəhər icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva çay, çəltik və sitrus meyvələri festivalına hazırlıqla bağlı “Tədbirlər planı”nın icrası barədə məlumat verib.
Müşavirədə, həmçinin rayonda baramaçılığın inkişafı ilə bağlı qarşıda duran vəzifələr də müzakirə edilib.
T.Qaraşov rayonda baramaçılığın yem bazasını yaratmaq üçün ötən il Çindən gətirilərək əkilmiş tut ağaclarının budanması, onlara aqrotexniki qulluğun göstərilməsi, qorunması və yeni tut tinglərinin yetişdirilməsi ilə bağlı ərazi icra nümayəndələrinə və bələdiyyə sədrlərinə tapşırıq və tövsiyələrini verib.