“Samsung Electronics” şirkəti yeni qabaqcıl “Galaxy S9” smartfonunun seriyalı istehsalına başlama vaxtını açıqlayıb.
FED.az xəbər verir ki, “The Investor” nəşrinin məlumatına görə, şirkət “Galaxy S9”un kütləvi istehsalına 2017-ci ilin dekabrında başlayacaq. Bu isə o deməkdir ki, yeni qurğu əvvəlki modellər kimi, ilin əvvəlində təqdim oluna bilər.
Bundan əvvəl mətbuatda şirkətin daktiloskopik skanerin ekrana inteqrasiyası ilə bağlı planları haqqında informasiyalar dərc olunmuşdu. Lakin “The Investor” yazır ki, istehsalçı bu texniki həllin çətin olması səbəbindən ondan imtina edib. Barmaq izi skaneri Cənubi Koreya şirkətinin hazırkı qabaqcıl modellərində olduğu kimi, smartfonun arxa tərəfində quraşdırılacaq.
“Samsung Galaxy S9” və “Galaxy S9+” modellərinin “Qualcomm Snapdragon 845” prosessoru bazasında ilk smartfonlar olacağı gözlənilir. Yeni çipdən ABŞ bazarı üçün nəzərdə tutulan “Galaxy S9” modellərində istifadə olunacaq, digər regionlar üçün isə smartfonun əsasını “Samsung Exynos 9810” platforması təşkil edəcək.