Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. FED.az xəbər verir ki, dağlara yağan intensiv və leysan yağışlar nəticəsində Balakənin Katex kəndi ərazisindən keçən, mənbəyini dağlardan götürən Dəliçay məcrasından çıxıb.
Çayın sağ və sol sahilindəki 400-ə yaxın evin həyətyanı sahəsini su basıb, 50-dən çox evə su dolub. Ev quşlarını və xırdabuynuzlu heyvanları sel aparıb, 10-dan çox həyətyanı sahənin hasarını sel dağıdıb. Sel suları Dəliçayın üzərindəki 8 kiçik körpünü də uçurub, ərazidən keçən içməli su, elektrik və qaz xəttlərinə ziyan dəyib.
Kənd sakinlərinə məxsus ümumilikdə 150 hektar olmaqla, 10 hektarı tütün, 140 hektar buğda, arpa və qarğıdalı sahələri sel suları altında qalıb.
Dəliçayın keçdiyi ərazidəki daxili kənd yolları yararsız hala düşüb. Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Katex kəndi ərazisindən keçən hissəsini sel suları dağıdıb.
Hazırda Balakən rayon fövqəladə hallar komissiyasının üzvləri hadisə yerində iş aparır.