Azərbaycanda pedaqoji fəaliyyəti qadağan edən halların siyahısı müəyyənləşdirilib.
FED.az xəbər verir ki, bu məsələ prezident tərəfindən “Təhsil haqqında” qanuna əlavə üçün təklif edilən 36-1 (Pedaqoji fəaliyyət ilə məşğul olma) maddəsində əks olunub.
Layihəyə əsasən aşağıdakı şəxslər Azərbaycanda pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:
- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər;
- ağır, xüsusilə ağır cinayət törətdiyinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;
- fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər;
Maddədə o da bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyət ilə məşğul ola bilməzlər.
Layihə Milli Məclisin mayın 22-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.